21 İyul 2020 01:43
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə koronavirusa yoluxanların sayı artır. Ölkəmizdə bu rəqəmlər dalğavari hərəkətlənsə də, son günlər sağalanların sayında ciddi artım var, hətta sağalma yoluxmanı üstələyib.

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb.

- Doktor, son günlər koronavirusa yoluxmada müsbət nəticələr görürük. Yoluxma rəqəmlərinin azalması ilə yanaşı, sağalanların da sayı artıb...

- Bu rəqəmlər qeydiyyata alınan xəstələrin sayını ifadə edir. Xeyli insan evdə ambulator müalicə alır, onların statistikası yoxdur. Onlar yüngül və orta xəstələrdir. Sayları təxminən xəstəxanaya daxil olanların 80 faizi qədərdir. Fikrimcə, 4000 xəstə evdə müalicə olunur.

- Sizin açıqladığınız rəqəmi nəzərə alsaq, belə nəticəyə gəlirik ki, ölkənin yarıdan çoxu virusa yoluxub. Elə deyilmi?

- Xeyr. Ölkə əhalisi tamimilə virusa yoluxmayıb. Amma azı 500-600 min yoluxan, müalicə olunan və müalicəsi davam edən xəstə var. Onların böyük hissəsi koronavirusa yoluxduğunu gizlədir.

- Sizcə, yoluxma statistikası hazırkı kimi davam etsə, qarşıdakı aylarda nomal həyata qayıda bilərikmi?

- Karantin rejiminə bu şəkildə əməl olunsa, çətin ki, virusdan xilas olaq. Karantin rejimi demək olar ki, işləmir. Məsələn, hazırda avtobus dayanacağında dayanmışam, təxminən 30 nəfər var, yarısının maskası yoxdur, yarısının da çənəsindədir. Hələ də qaydalara məhəl qoymayanlar var. Bu qış normal həyata qayıtmağımıza inanmıram. Yalnız növbəti yay fəslində əvvəlki həyatımıza qayıda bilərik.

- Ötən həftəki yürüş yoluxma rəqəmlərinə təsir edəcəkmi?

- Təbii ki, artım görəcəyik. Yürüşün nəticəsi ayın sonunda məlum olacaq.

- Qarşıdakı dövr üçün maksimal yoluxma proqnozunuz varmı?

- Bizdə riyaziyyat işləmir. Konkret rəqəmlər olsa, riyazi model hazırlayıb, proqnoz vermək olar. Bizdə evdə müalicə alanların statistikası məlum deyil, xəstəliyini gizlədənlər də var. Buna görə qarşıdakı dövrdə yoluxma statistikası barəsində konkret rəqəm demək mümkün deyil. Avropa ölkələri yalnız konkret rəqəmləri qarşılarına qoyandan sonra riyazi model hazırlayırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər