Hesab edirəm ki, indi Azərbaycanın milli təhlükəsizliyinə təhdid kimi içməli su problemi ortaya çıxır. Düzdür, son aylar dünyada şirin su ilə bağlı ciddi problemlər var, ölkələr siyasətlərində bu amili nəzərə alırlar. Biz də bu haqda düşünməliyik.
Bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov Azərbaycanda su problemi və onun həlli yolları haqqında danışarkən deyib.
Oqtay Qasımov qeyd edib ki, dünyanın bir parçası olan Azərbaycanın da şirin su ehtiyatlarına dair problemləri var: “Ölkə başçısının yanında su qıtlığına dair müşavirə keçirildi. Nəzərə almaq lazımdır ki, bizim içməli su ehtiyatlarımızın böyük bir qismi işğal edilən ərazilərimizdədir. Bu, həm Laçın-Kəlbəcər ərazisində olan böyük dağ çaylarıdır ki, onlar içməli su mənbələridir. O cümlədən, suvarma sistemlərində istifadə edilə biləcək Xudafərin hidroqovşağı, Sərsəng su anbarı da işğal edilən torpaqlarımızdadır”.
Müsahibimiz əlavə edib ki, Dağlıq Qarabağ və işğal edilən rayonlarımızın düşməndən azad edilməsi Azərbaycanın içməli su problemini həll edə bilər: “Azərbaycanın təhlükəsizliyini təhdid edən ikinci problem kimi bu məsələ həllini tapmalıdır. Bunun da həlli Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Odur ki, bütün bu məsələlər kompleks halında qiymətləndirilməli və tədbirlər görülməlidir”.