10 Avqust 2020 11:31
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 10-dan etibarən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu başlanılır. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində qebul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçə bilərlər:

"Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır".

Pərviz Yusifov bildirib ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır: "Müraciətlər barədə məlumat şəxsi kabinetin bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın verilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar".

O qeyd edib ki, pandemiya dövrünü nəzərə alaraq, peşə təhsili müəssisələrinə qəbul onlayn qaydada həyata keçiriləcək: "Eyni zamanda müxtəlif ixtisasların onlayn tədrisi üzərində işlər aparılır. Aidiyyatı qərar qəbul olunduqdan sonra bu barədə məlumat veriləcək. Artıq bir sıra ixtisaslar üzrə onlayn dərslər hazırlanıb və yeni tədris ilində istifadəyə veriləcəkdir"


Müəllif: Aysel Azad