COVID-19 epidemiyası Almaniyada gənclərə getdikcə daha çox təsir edir.
Teleqraf.com xəbər verir ki, Almaniyanın Robert Koch İnstitutunun hesabatına görə, aprel ayında ölkədə koronavirus xəstələrinin orta yaş həddi 52 idisə, avqustda bu hədd 36-ya düşüb.
Hamburq Universitetinin epidemioloqu Ralf Reintjes bildirib ki, virus gənclər arasında nə qədər çox yayılsa, cəmiyyətdə daha böyük kütlələri əhatə edəcək: “Çünki gənclər virusu yaşlılara nisbətən daha çox ötürürlər. Digər tərəfdən simptomlar özünü göstərmədiyi üçün infeksiyanın fərqində olmurlar, buna görə də özlərini təcrid etmirlər”.
Epidemioloq yaxın günlərdə və həftələrdə infeksiyaların yenidən əhəmiyyətli dərəcədə artacağını qeyd edib. Onun sözlərinə görə, yoluxanların orta yaş həddi daha da gəncləşəcək:
“Bunun başlıca səbəbi məktəblərin açılmasıdır. Bu vəziyyət əvvəllər güclü qorunan və infeksiya prosesindən uzaq olan yaşı çox gənc insanlara təsir edəcək”.