15 Avqust 2020 22:03
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus epidemiyasına qarşı dəvə sidiyi, inək ifrazatı, dezinfeksiyaedici kimi ortaya atılan “möcüzəvi üsullar” və xurafatlar səbəbindən yüzlərlə insan ölüb, minlərlə insan xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bunu Amerikan Tropik Tibb və Gigiyena Jurnalı araşdırıb.

Jurnalın araşdırmasında sadəcə virusdan deyil, virusa qarşı alınan tədbirlər nəticəsində ölüm və xəstəxanalıq hallarının sayı açıqlayıb. Aparılan araşdırmada virusa qarşı “tədbir” adı altında yayılan yalan məlumatlar da yer alıb.

Dünyada koronavirusdan 746 mindən çox insan ölüb, 20 milyondan çox insan bu virusa yoluxub.

Məlumatlara görə, yüksək dərəcəli spirtli içki və dezinfeksiyaedici məhlul içən 800 nəfər ölüb. Metanol içən 5 min 800-dən çox insan xəstəxanaya yerləşdirilib, 60-ı görmə qabiliyyətini itirib. Qatarda dezinfeksiya məhlul içən iki nəfər çətinliklə xilas edilib. Həmçinin, datura adlı zəhərli bitkidən hazırlanan qarışığı içən 5-i uşaq 12 nəfər xəstəxanaya yerləşdirilib.

Xüsusilə Hindistanda inək ifrazatı və sidik istehlakının koronavirusa qarşı təsirli olduğu barədə şayiələr yayılıb. Bundan əlavə, Səudiyyə Ərəbistanında dəvə idrarının limonla qarışığının virus əleyhinə möcüzəvi bir təsiri olduğu bildirilir. Jurnaldakı araşdırmada bu məlumatların səhv olduğu dəfələrlə vurğulanıb.

Avstraliya, Tailand və Yaponiyadan olan elm adamları tərəfindən aparılan araşdırmada epidemiyanın deyil, səhv məlumatların sürətlə artdığı bildirilib. Ümumilikdə 87 ölkədə aparılan araşdırmada 2 300 məzmunun 87 faizində virus haqqında yalan məlumat və tövsiyələrin olduğu ortaya çıxıb.

Tədqiqatçılar sosial mediada paylaşılan “tədbirlər”in insanlar üçün təhlükəli və ölümcül olacağını vurğulayaraq, hökumətləri və beynəlxalq təşkilatları yanlış məlumatlarla mübarizədə daha fəal rol oynamağa çağırıblar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər