11-18 oktyabr 2014-cü il tarixlərində Azərbaycan Memarlıq və Inşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə buraxılış işlərinin XXIII beynəlxalq baxış – müsabiqəsi keçirilir.
Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilat - MOOCAO tərəfindən buraxılış işlərinin baxış – müsabiqəsinin Bakıda keçirilməsinə XXII müsabiqənin 2013-cü ilin sentyabrında Sankt- Peterburq şəhərində qərar verilib.
Azərbaycan Memarlıq və Inşaat Universiteti sovet illərindən həmin təşkilatın üzvü və müsabiqənin fəal iştirakçısıdır. Müsabiqələrə daim təqdim edilmiş Memarlıq fakültəsi tələbələrinin buraxılış işlərinin çoxu I və II dərəcəli diplomlara layiq görülüb.
Memarlıq məktəbləri müsabiqədə çoxsaylı nümayəndə heyətilə təmsil olunur. Müsabiqədə 50 ali memarlıq məktəbi, eyni zamanda memarlıq və dizayn üzrə mütəxəssislər hazırlayan respublika universitetləri də iştirak edir. Müsabiqə iştirakçılarının sayının çox olması Bakının inkişafına, onun tarixi və müasir tikililərinə olan maraqla da izah edilir. Universitetimiz həmin müsabiqəyə qonşu Gürcüstanın və Azərbaycanın digər memarlıq məktəblərinin qatılmasının təşəbbüsçüsü olub.
Müsabiqənin gedişi zamanı «Memarlıq təhsilində innovasiyalar» adlı elmi konfransın və dərslik müsabiqəsinin keçirilməsi gözlənilir. Müsabiqə rəsm sərgisi ilə də yadda qalacaq – Memarlıqda suprematizm cərəyanının yaradıcısı Lazar Xidekelin işlərinin sərgisi.
Müsabiqədə Rusiya, ABŞ və İtaliyadan gələn fəxri qonaqlar iştirak edir: Universitetin uzun illər ərzində əməkdaşlıq etdiyi Romualdo Del Bianko fondunun prezidenti Paolo Del Bianko və fondun əməkdaşları, Rusiyanın Memarlıq və İnşaat Elmləri Akademiyasının vitse-prezidenti prof.A.P.Kudryavtsev, ABŞ–dan Amerika Memarları İnstitutunun prezidenti Lans Ceyn Broun və icraçı direktoru Rik Bell, Amerikada Lazar Xidekel adına cəmiyyətin üzvləri və b.
Keçiriləcək müsabiqə təkcə universitetdaxili tədbir kimi dəyərləndirilməməlidir. MDB dövlətlərini təmsil edən müsabiqə respublikamızın beynəlxalq səviyyədə tanınması üçün motivasiya da daşıyır. Azərbaycanın iqtisadi inkişafının nümayişi, Bakının çiçəklənməsi, dövlətimizin imicinin daha da yüksəldilməsi istiqamətində müsabiqə böyük təsir gücünə də malik olacaqdır. Müsabiqənin açılışında Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, Azərbaycan Respublikasının Təhsil Naziri M.Cabbarovun, Memarlıq və Şəhərsalma komitəsinin sədri A.Ələsgərovun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Ə. Qarayevin, millət vəkillərinin və digər yüksək qonaqların iştirakı gözlənilir.
Tədbir Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilir.