23 Sentyabr 2020 11:51
55 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov Teleqraf.com-un suallarını cavablandırıb.

Əlövsət Ağalarovla şair Məmməd Aslan barədə söhbət etmişik. Müsahibəni təqdim edirik:

- Əlövsət müəllim, bu gün mərhum şair Məmməd Aslanın vəfatından 5 il ötür. Bildiyimiz qədəri ilə sizin onunla yaxın münasibətiniz olub, hətta qohumluq əlaqələriniz var. Onu necə xatırlayırsız?

- Məmməd Aslanı Azərbaycan ədəbiyyatının və bütün türk dünyasının çox böyük şairi və publisisti hesab edirəm. Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, İmadəddin Nəsimidən üzü bəri Azərbaycanın poeziyasının böyük korifeyləri olub. Heç kim inciməsin, amma deyərdim ki, Azərbaycanda Məmməd Aslan kimi tək-tük publisist var.

Məmmədin qələmi poeziyasında necə yüksək səviyyədə idisə, publisistikasında ondan da yüksək səviyyədədir. Məmməd söz üçün heç vaxt cibə girməzdi, sözə əlahəzrət deyərdi. Hətta bir kitabının adını “Əlahəzrət söz” qoymuşdu.

Məmməd Aslan Türkiyənin Azərbaycana açılan pəncərəsi idi. O, 1984-cü ildə çapdan çıxan “Ərzurumun gədiyinə varanda” kitabı ilə Türkiyəni Azərbaycana tanıtdı. Sovet hakimiyyəti dönəmində gediş-gəliş yox idi, Türkiyə ilə münasibətlərimiz Moskva vasitəsilə həyata keçirilirdi. Yəni o vaxt Azərbaycanla Türkiyə iki düşmən düşərgənin arasında idi - biri kapitalist, digəri sosialist ölkəsi. Məsələn, biz türklərlə gizli görüşərdik, türkçülüklə gizli məşğul olardıq.

Gözümü açandan Məmməd Kəlbəcərdə şəhər məktəbində ədəbiyyat müəllimi işləyirdi. O, məktəbdə adətən türkçülüklə bağlı söhbətlər edərdi. Bu, onun öz içindən gəlirdi, yəqin ki, atasının, anasının ona verdiyi öyüd, tərbiyədən irəli gələn bir şeydir. Yetim uşaq olmuşdu, amma məktəbə həvəslə gedib, Kəlbəcərdə hamıdan yaxşı oxuyardı. O vaxt təhsil ala-ala qəzetdə şerləri, yazıları çap olunmuşdu. Bir dəfə mənə dedi ki, ayaqyalınmış, gəlib redaktora bir yazısının çap olunmasını deyib. Aldığı qonorarla özünə ayaqqabı almaq istəyirmiş. Dedi ki, redaktor da o qədər zalım adammış, balaca bir yazısını çapa verib, heç ona qonorar da düşməyib.

Ədəbiyyatda öz dəst-xətti olan adamlar çoxdur. Amma o, dəst-xətsiz şair olub. Yəni özünün üslubuna bənzər ikinci bir şair yoxdur. Çünki hərənin öz üslubu var. Bəzən Məmmədin üslubuna yaxınlaşırlar, ondan yararlanırlar, bəzən nəzirə yazırlar, amma Məmməd olmur.

Vətən gözdür, biz kirpik,

Gözümüzün keşiyini çəkirik.

Uzun illər elə bilirdilər ki, Məmməd Aslanın bu mirsaları aforizmdir. Məmməd çox güclü təfəkkür sahibi idi.

İndi sözdə özümü yetim hesab edirəm. Bir də görürdün, gecə saat 2-dir nəsə yazıram, yaxud tərcümə edirəm, amma o sözün qarşılığını tapa bilmirəm. Gecə zəng vurub Məmməddən soruşardım.

Məmməd Azərbaycan ədəbiyyatına kifayət qədər söz gətirmişdi. Məsələn, “sıntıral” sözünü. Kəlbəcərdə qış çox sərt keçirdi, deyirdi ki, bu qış sıntıral çəkmişəm, yəni əzab çəkmişəm. Amma əslində bu sözün mənası başqa idi. Çarın vaxtında Kəlbəcərdə bir qoca kişini Sibirdə Sentralnı (mərkəzi) türməyə sürgün edirlər. O vaxt siyasi dustaqları Sentralnıya göndərirmişlər. Kəlbəcərli dustaq da orada qalıb qayıdandan sonra rus dilini bilməyən adam uyğunlaşdırıb deyib ki, cəzasını sıntıralnıda çəkib. Yəni Məmməd türmənin əzabını Kəlbəcərdə qışın əzabı ilə eyniləşdirirdi.

Yüzlərlə belə nümunələr çəkmək olar. O, sözlə bağlı fikirləşməzdi. Məmməd söz qalası idi. Bu gün Azərbaycanda o qalaya girməyə cəsarət edən tək-tük adam ola bilər.

- Məmməd Aslan sizə dərs deyibmi?

- Yox, biz kənd məktəbində oxumuşuq, o isə şəhər məktəbində az bir vaxtda işləyib. Məmməd müəllim sinfə girəndə o biri siniflərin şagirdləri axışıb onun dərsində oturardı. Dəfələrlə olub ki, 8 sinfə dərs deyib, amma 9-10-cu siniflər gəlib onun dərsində iştirak edib. O biri müəllimlər də inciyib direktora şikayət edirdilər ki, Məmməd müəllim bizi dərs keçməyə qoymur. Direktor da cavab verirdi ki, elə dərs keçin, uşaqlar sizin yanınıza gəlsin.

Bir dəfə təsadüfən Məmməd müəllimin dərsində iştirak etmişəm. 9-cu sinifdə oxuyurdum, rayon mərkəzinə getmişdim. Qohumumuz dedi ki, Məmməd müəllimin dərsi var, bir yerdə gedək. Arxada dayanıb dərsini dinlədim. Həvəslə ədəbiyyat dərsini elə deyərdi ki, uşaqlar bu fənni mütləq sevərdi. Məmməd neçə il orda işlədisə, şagirdlər hamısı ədəbiyyata, jurnalistikaya qəbul oldu. Əslində, Kəlbəcərdə ədəbiyyata, jurnalistikaya sevginin çoxunu Məmməd aşılamışdı. Uzun illər müxtəlif qəzetlərdə işlədi. Aşıq Şəmşirdən sonra Kəlbəcər ədəbi məktəbi yaradan Məmməd Aslan olub.

Rayonun ilk ədəbi məktəbi Aşıq Şəmşirdən başlayır. Kəlbəcər ədəbi mühitində Məmmədin öz dəsti-xətti var.

Kəlbəcərdə Şücaət Əhmədov, Şamil Əsgərov, Dəmirçi Abbas, Bəhmən Vətənoğlu, Qəmkeş Allahverdi kimi şairlərimiz olub. Cavanlardan isə Xaqani Həbiboğlu, Mirsəyyaf Zamanlı, Elşən Əzim, Ələmdar Cabbarlı kimi şairlərimiz var. Onlar bir ədəbi məktəbin şagirdləri idilər. Hamısı Məmmədə oxşamağa çalışırdı, amma bu, çox çətin idi. Çünki Məmmədin üslubuna girmək hər adama nəsib olmaz.

Yerlipərəstlik kimi çıxmasın, amma hər zaman demişəm ki, Kəlbəcərdə iki şairin misrasında bir sözü çıxarıb dəyişmək mümkün deyil. Biri Ənvər Rza, digəri Məmməd Aslan. Məmməd sözü ana südündən almışdı. Yəni ana südü nə qədər halaldırsa, saf və təmizdirsə, Məmmədin ana dilindən aldığı sözlər də o qədər saf və təmizdir. Bir sözlə, onun yazdıqlarını dəyişmək mümkün deyil.

- Məmməd Aslan tək yaşayıb və Zaqatalada da dünyasını dəyişib. Adətən, tək yaşayan adamların həyatdan gileyi olur. Məmməd Aslanın gileyi nədən idi?

- Tək yaşamaq bir tale işidir. Məmməd Aslanın ailə sarıdan bəxti gətirməmişdi. İki dəfə ailə həyatı qurmuşdu. Bədbəxt hadisə nəticəsində yoldaşı yanıb ölmüşdü. Uzun illər evlənmədi. Birinci nikahdan Təbrizə adlı bir qızı vardı. Hazırda Təbrizənin yaşı 50-ni keçmiş olar. O vaxt Azərbaycanda Təbriz adını çəkmək qadağan idi. Amma Məmməd qızının adını Təbrizə qoymuşdu ki, Azərbaycanda Təbriz sözünü işlətsinlər. Təbrizə çox ləyaqətli qız oldu. Məmməd də onu öz anası qədər sevdi.

Məmməd Sumqayıt şəhərində tək yaşayırdı. Həyatın işidir. Qızının yoldaşı rayonda işləyirdi, uşaqları balaca idi. Amma onu tək qoymazdılar, həftədə bir-iki dəfə gələrdi, atasının evini yığışdırardı, yeməyini hazırlayıb gedərdi.

Əslində Məmməd bir az da təkliyə öyrəşmişdi. Sonra ikinci dəfə ailə həyatı qurdu. Bu nikahı da uğurlu alınmadı. İkinci evliliyindən də bir qızı dünyaya gəlmişdi. Qızı atası dünyasını dəyişəndə gəlmişdi. Məmməd hər ay maaşını alanda ona pul verirdi. Ölən günə qədər o qızın dolanışığına Məmməd baxırdı. Hətta Əhmədlidəki üçotaqlı evini də onlara verib, özü gedib Sumqayıtda yaşayırdı.

Arada zarafat edərdim ki, səni evləndirək, ay Məmməd. O da zarafatla deyərdi ki, mən arvad saxlayanam ki, evlənəm?! Saxlasaydım elə ikisini saxlayardım da, təzədən üçüncünü necə saxlayım?! Deyərdi ki, mənimlə işiniz olmasın...

O deyirdi ki, tək qalanda Allahla danışır, peyğəmbərlərlə söhbət edir, sonra o danışığı yazır. Sonralar başa düşdüm ki, onun şeirlərindəki ilahi verginin 90 faizi beyin məhsulu deyil. Sanki yuxarıdan ona deyiblər, o da bunları kağıza köçürüb. Mən bunu Azərbaycanda bir az İsa Hüseynovun (İsa Muğanna) romanlarında gördüm.

Bəzən Məmmədlə oturub tamam başqa mövzudan danışardıq. Anidən deyərdi ki, ağlıma bir şey gəlib, dayan, onu yazım. Baxırdım ki, danışdığımızın onun yazdığına heç bir aidiyyəti yoxdur. Deyərdi ki, tək olanda heç kim ona mane olmur, dostlarla oturanda başını qatırlar.

- Şairin şəxsi həyatı barədə də az məlumat olub. Oxuculara da maraqlıdır, niyə özü barədə danışmaq istəməyib?

- O, şəxsi həyatı barədə danışmağı xoşlamırdı. Deyərdi ki, mən köhnə kişilərdənəm, sizin tayınız deyiləm. Ailə, uşaq məsələlərindən danışmazdı. Ümumiyyətlə, bunun özü bir ədəb-ərkan məsələsidir. Bu gün şəxsi həyatını danışan kişilər var. Bir də görürsən ki, səhər evdən çıxıb gəlib işə, Feysbukda arvadına ad günü təbriki yazır. Yaxud arvadına gül verib şəklini Feysbukda paylaşır. Hətta birinə zəng vurub dedim ki, arvadını evdə təbrik edib çıxardın da, bunu cəmiyyətə niyə çıxarırsan?! Demirəm bu bir qəbahətdir. Yəqin bu, qloballaşmanın Azərbaycan mentalitetinə təsiridir.

Bizdə dədə-babadan qadınların adını çəkməzdilər. Məmməddə bu şeylər köhnədən qalmışdı. O, klassik Azərbaycan kişilərinin simvolu idi. Şəxsi həyatını ictimailəşdirməzdi. Ömründə ondan iki həyat yoldaşı haqqında bir kəlimə söz eşitməmişəm. Sadəcə Məmmədin xasiyyətində bir az kürlük, bir az da sərtlik var idi. Amma sərtliklə bərabər mərd adam idi. Bəlkə də Məmmədin Azərbaycanda ən çox yola getdiyi adam mən idim, amma mənimlə də yola getmirdi.

- Məmməd Aslan öz həyatından bəhs edən nəsə yazıbmı?

- Tələbəlik illərində bir sevgisi olmuşdu. Həmişə ondan soruşardım ki, sənin Nərgiz şerinə ("Son təsəlli" adlanırdı) çox sevgin var, nədəndir? Çox sonralar onlarla bir yerdə oxuyan bir nəfər söhbət edəndə soruşdu ki, Məmməd müəllim, Nərgiz yadındadır? Gördüm ki, bir az halı dəyişdi və əli ilə işarə etdi ki, bu söhbəti bağlasın. Onda başa düşdüm ki, bu, onun gəncliyinin ilk sevgisi olub. Şair ruhlu adam idi, sevməyi xoşlayardı. Qəşəng xanım görəndə deyərdi ki, subay olsaydım, bu qızı alardım.

Məmməd ləyaqətli, əxlaqlı insan idi. Uzun illər televiziyada çalışdı. Orada cavan qızlar, subay xanımlar oldu, amma bir adam Məmmədin adına nəsə qoşmadı. Ondakı əxlaq, tərbiyə, kişilik sona qədər özünü qorudu.

O, ən çox "Son təsəlli" ("Nərgiz") və "Bənövşə" şerlərini sevərdi. Yazda bənövşə çıxan kimi fotoaparatını götürüb birlikdə Hacıkəndə gedərdik. Dizini yerə qoyub o bənövşənin 30 cür şəklini çəkərdi. Bənövşənin titrəməsini, əsməsini, boynunu bükməsini elə formada izah edirdi ki, adam dəhşətə gəlirdi. Sanki bənövşə onun üçün canlı insandır. Görürdüm ki, nərgizlə danışanda halı özündə olmur. Zarafat salıb ondan soruşdum ki, nərgizi də çox sevirsən, bənövşəni də. Amma kişi kimi düzünü de görüm, hansını daha çox sevirsən? Bir xasiyyəti vardı, xoşuna gəlməyən söhbət olanda əli ilə işarə edib deyərdi ki, get, işinlə məşğul ol. Nərgizə həsr etdiyi şeir belədir:

Son təslli

Yaxşı ki, qovuşa bilmədik, Nərgiz:

Kimdir sevdasından yarıyan indi!

Üzüsulu qaldı gül xatirəmiz,

Yarı sevin indi, yarı yan indi.

Nə dəniz yol verdi, nə ada belə,

Qəmxarım qalmadı dünyada belə.

Tapmıram özümü aynada belə,

Kimdir ünvanımı arayan indi?!

Hüzün qoşun-qoşun, qəm qoşun-qoşun,

Ölüm çarəsi var bu qurtuluşun.

Hədəfi mən oldum ərş ilə kürşün:

Tapılmaz dərdimi darıyan indi.

Göstərməz o qüdrət ta səxa bizə,

Tutdurmaz o fürsət ta yaxa bizə!

Görüm-baxım etməz bir daha bizə

O günü bu günə sarıyan indi.

Birgə qanad çaldıq, quş olduq sonda;

Amansız bir dərdə tuş olduq sonda.

Bərkiyə-bərkiyə daş olduq sonda;

Həsrətdir ortada zarıyan indi...

- Məmməd Aslan AzTV-də hazırladığı “Dərədən-təpədən” verilişi ilə böyük tamaşaçı sevgisi qazanmışdı, son illər “Xəzər” televiziyasında müəllif verilişi ilə çıxış edirdi. Şairin hər iki kanaldan çıxmasına səbəb nə idi?

- Məmməd Aslan AzTV-də “Ekran- efir” qəzetinin baş redaktoru işlədi. O, televiziyaya gələnə qədər bu qəzet adi proqram idi. Məmməd “Ekran- efir” qəzetini Azərbaycanda ən oxunaqlı qəzet səviyyəsinə qaldırdı. Məmməddən verilişləri ona görə aldılar ki, o, ana dilini, türk dilini təbliğ edirdi. O, milləti kökünə, əcdadına, doğulduğu yerə qaytarırdı. Bu da xoşlarına gəlmədi.

Azərbaycan teleməkanında Məmməd qədər səlis, məntiqli, dərin mənalı veriliş aparan, sinədən deyən ikinci bir aparıcı və yaxud iştirakçı tanımıram. Yazıqlar olsun ki, bunu bizlərə çox gördülər. Əvvəlcə bədxahları onu AzTV-dən, sonra tamaşaçı xatirinə sığındığı “Xəzər” televiziya kanalından uzaqlaşdırdılar. Öz aləmlərində sanki Məmməd Aslana pislik etdiklərini düşünüb namərdcəsinə sevinən kəslər bilmirdilər, yaxud da elə bilərəkdən yüz minlərlə, deyərdim ki, lap milyonlarla tamaşaçıya xəyanət etdiklərinin fərqində deyildilər.

“Xəzər” televiziyasında özünə yeni yuva qurmuşdu ki, rəhbərlik dəyişdi. Türklər gedəndən sonra televiziyaya qeyri-türklər gəldi. Onlara Məmmədin verilişlərinin əlindən alınması barədə göstəriş verilmişdi.

Məmməd Aslanın o verilişləri milləti kökünə qaytarırdı. Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayındakı artım hər kəsi narahat etməyə başlayıb. Olmalıdır da... Məmməd rus dilində yaxşı bilirdi, amma hər zaman ana dilini gözəl bilməyin tərəfdarı olub.

Tələbəlik illərində yazdığı “Mənim ürəyimdə” adlı şerin son bəndində deyirdi:

Loğmanımsan gözəl məkan,

Sənsən verən Məmmədə can.

Səndən əziz, Azərbaycan,

Nə var, mənim ürəyimdə.

- Məmməd Aslanın dostu kimi idi, düşməni kim? Yəni ən çox kiminlə yaxınlıq edərdi, kimdən uzaq durardı?

- Məmməd müəllimin Kəlbəcərdə də, Bakıda da yaxın dostları olub. O, Kəlbəcərdə Vaqif həkimlə və onun qardaşı Əvəzlə, Şamil Əsgərovla, Şücaət Əhmədovla, Bəhmən Vətənoğlu ilə, Bakıda Məmməd Arazla, Sabir Rüstəmxanlı ilə çox yaxın dost olub. Sabir Rüstəmxanlı həmişə onu Yardımlıya aparardı. Deyirdi ki, Kəlbəcərinin işğalından sonra Yardımlıda təskinlik tapır. Sabirin rəhmətlik anası da həmişə Məmmədə öz övladı kimi qulluq edərdi.

Məmmədin hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru və keçmiş səfir Eldar Həsənovla çox yaxın münasibətləri olub. Ömrünün son aylarında Eldar müəllimlə gedib Məmmədə baş çəkdik. Həm kəndçidirlər, həm də kök qohumluqları var, ikisi də Məşədi Həsən soyundadırlar. Hətta Məmməd Aslan barədə çıxan kitabın çap xərclərini Eldar müəllimin qızı Səbinə xanım öz üzərinə götürdü. Eyni zamanda “Sözün özü” kitabının işıq üzü görməsinə millət vəkili Cavid Qurbanovun köməyi olub. Məmməd Cavidin atası Qənbər müəllimlə də çox yaxın dost idi. Ümumiyyətlə, Məmməd savadlı, milliyyətçi, vətənini, millətini sevən adamları özünə dost bilərdi.

Azərbaycan dilinə, mədəniyyətinə, ədəbiyyatına həqarətlə baxanlardan uzaq durardı. Belə adamlar var idi və onlara qarşı amansız nifrət edirdi. Məmməd bunu büruzə verirdi, gizləmirdi. Məsələn, məclisə gedirdi görürdü ki, həmin adam oturub, çıxıb gedirdi.

Bir dəfə televiziyada oturub çay içirdik. Biri kənardan gəlib uzaqdan əl yelləyib “privet” dedi. Məmməd də qayıtdı ki, dədənə dəysin. O da eşitdi, dönüb dedi ki, bu nə sözdür? O da təkrar etdi. Yəni dil məsələsində çox sərt idi, belə şeylərlə barışmazdı. Onun şəxsi düşməni olmayıb. Çünki tamahsız adam idi.

- Dediniz ki, şairlə mübahisələriniz olurdu. Barışmaq üçün ilk addımı kim atırdı?

- Tez-tez dalaşıb barışırdıq. Bir də görürdün gecə mənə zəng edib nə iş gördüyümü soruşur. Deyirdim ki, heç nə, Məmməd Aslanla dərd üyüdürəm. Dedi ki, bu sözümlə ona yaxşı misra vermişəm. Sonra yaxşı bir şeir də yazdı...

Məmməd Aslan haqqımda bir neçə məqalə yazıb, bir televiziya verilişi çəkib. Çəkilişdə deyir ki, Əlövsət Ağalarovun Milli Məclisdəki bu qovğalı çıxışlarından sonra evinə salamat gəlib çatmasına inanmıram. Məmmədin boğazına diri ilan salsan da, kiminsə haqqında ürəyindən gəlməyən sözü deməzdi. Adamlar vardı, gəlib deyirdi ki, Məmməd, yubileyim olacaq, mənə bir kəlimə söz yaz. Deyirdi get, işinlə məşğul ol. O israr edirdi ki, onun haqqında nəsə yazsın. Axırda Məmməd əsəbləşib deyirdi yazım ki, əclafsan, alçaqsan, yaramazsan? Sözü birbaşa deyən adam idi.

- Şairin haqqında yanıldığı insanlar olurdumu?

- Təbii ki, vardı. Bu da səmimiyyətindən irəli gəlirdi. Onun mayası səmimiyyətdən yoğrulmuşdu. Bəlkə də alimlər bunun araşdırmasını aparıb, amma inanmıram ki, süni süd qarışığı ilə böyüyən uşaqlardan yazıçı olsun. Çünki yazar olmaq ana südü ilə gəlir.

Ümumiyyətlə, Məmmədin əlində imkanı olsa da, bədxahlarına heç vaxt pislik etməyib. Sözü birbaşa deyərdi, çox müdrik keyfiyyətləri vardı. Ona görə də çox adamın ondan xoşu gəlmirdi.

Məmmədi Kəlbəcər həsrəti dərdə saldı. Sonra da iki televiziyadan uzaqlaşdırmaqla onu çərlətdilər.

AzTV-nin sabiq sədri Arif Alışanov Məmməd Aslanın qarşısında qul olardı. Amma sonra Məmməd Aslanı televiziyada uzaqlaşdırdı. Görünür, Arif Alışanova da onun müdiri göstəriş vermişdi. Sonradan Məmməd onun xiffətini çəkdi. Məmmədin şəkəri var idi, amma özünü yaxşı gözləyirdi. O, cavan idi, nə yaşadı?! Çox xiffət, dərd çəkdi. Heç vaxt da şəxsi dərdini çəkmirdi.

- "Şöhrət" ordeni ilə təltif edilən, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülən Məmməd Aslana Xalq şairi fəxri adı verilməyib. Bunun xüsusi səbəbi varmı, yoxsa, şair özü istəməyib?

- Bəli, verilmədi. Səbəb sözünü birbaşa deməyi idi. Şöhrət ordenini mərhum Prezident Heydər Əliyev vermişdi. 1991-ci ildə Filarmoniyada Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirildi. Məmmədlə arxada yanaşı oturmuşduq. O vaxt Heydər Əliyev Naxçıvanın deputatı idi və Bakıya Ali Sovetin sessiya iclasına gəlmişdi. Ümumiyyətlə, Heydər Əliyev ədəbiyyata, sənətə, mədəniyyətə xüsusi diqqət verən adam idi. Yazıçı Anar və digərləri də Rəyasət Heyətində oturmuşdular.

Heydər Əliyev gəlib zalda sakitcə bir küncdə oturmuşdu. Məmməd də bunu görüb iclasın başlamasına mane oldu. O, ayağa qalxıb Anar müəllimə sözünün olduğunu dedi. İcazədən sonra bildirdi ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, ədəbiyyatına qayğı göstərən Heydər Əliyev bu zaldadır. Bizə bu gün yaraşmaz ki, o gəlsin zalda camaatın içində otursun. Təklif edərdim ki, Heydər Əliyev Rəyasət Heyətində əyləşsin. Anar müəllim də etiraz etmədiyini bildirib Heydər Əliyevi kürsüyə dəvət etdi.

Heydər Əliyev qalxıb təşəkkürünü bildirdi və dedi ki, mən həmişə yuxarılarda oturub aşağı baxmışam, amma indi istəyirəm aşağıda oturum yuxarıya baxım. Heydər Əliyev Məmmədə "Şöhrət" ordenini təqdim edəndə həmin hadisəni xatırlatdı və dedi ki, bu kişiyə rəğbətim var. Məmməd də dedi ki, yadınızda qalıbsa, çox sağ olun.

Məmməd Aslanın Heydər Əliyevlə ikinci görüşü kəlbəcərli məcburi köçkünlərlə görüşü ərəfəsində olmuşdu. Onlar yanaşı oturub söhbət etmişdilər. Çıxanda Məmmədə deyiblər ki, dərdini niyə deməmisən? Elə bir kəlmə desəydin ki, Sumqayıtda yaşayıram, evim yoxdur, dərhal ev verərdilər. Deyib ki, mən məcburi köçkünün dərdini qoyub bir də öz dərdimi deməliydim? Onun qayğısı azdır ki, bir də mən qayğılandırım?! Məmməd belə gözü-könlü tox adam olub.

- Şair övladlarından razı idi?

- Təbrizənin yoldaşı Rüstəm Məmmədə kürəkən yox, oğul oldu. O, Sultan bəyin qardaşı nəvəsidir. Məmməd Aslanı Türkiyənin o vaxtki məşhur hərbi hospitalı - Gülhanə Hərbi Tibb Akademiyasına apardıq. Hərbi onkoloqa Məmməd Aslanı təqdim etdim (qəhərlənir). Dedi, abi, mən bu kişini tanıyıram. General Məmməd Aslanın əlindən öpdü və ona atası kimi baxacağına söz verdi. Həkim onun xəstəlik kağızlarına baxandan sonra təəssüf hissi ilə hər şeyin gec olduğunu dedi. Orada bir həftədən çox qaldıq. Orada qızının və kürəkənin Məmmədə necə qulluq etməsinə şahid oldum.

Deyərdim ki, kürəkəni Məmmədin heç bir manat pulunu da görməmişdi. Rüstəmin və Təbrizənin hesabına Məmməd ömrünün sonlarını qayğısız yaşadı, sıxıntı görmədi. Hətta Rüstəmə təklif etdim ki, Məmmədin nə xərci varsa, ikimiz çəkəcəyik. O, buna etiraz etdi.

Daha sonra Zaqatalada qızının evində - Təbrizənin atasına analıq, kürəkəni Rüstəmin qayınatasına atalıq etdiyi və təbii ki, nəvələri Füruzənin, Məmmədkamalın və Alpərin də babalarına sevgi dolu xidmət göstərdiyi günlərdən birində həm ziyarətinə getmişdim, həm də yenicə çapdan çıxmış “Şair səlahiyyəti” kitabını aparmışdım. Demək olar ki, son günlərini yaşayırdı. Təbrizənin göz yaşlarını saxlamaq olmurdu ki, atasına çox qulluq edə bilməyib. Məmməd Aslan qızının evində rəhmətə getdi...

- Şairin son arzusu, istəyi nə olub?

- Kəlbəcərə getmək...


Müəllif: Yeganə Oqtayqızı