“Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən “gücləndirilmiş elektron imza”, o cümlədən də Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri tərəfindən təqdim olunan “Asan İmza” (Mobil imza) imza sahibini identikləşdirən elektron imza olmaqla kağız daşıyıcılarındakı əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Bu barədə Vergilər Nazirliyinin analitik-informasiya mərkəzindən Teleqraf.com-a verilən məlumatda bildirilir.
Nazirlik bəyan edir ki, Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla bir şəxs tərəfindən digər şəxsə üçüncü şəxslər qarşısında özünü təmsil etmək üçün verdiyi vəkalət (etibarnamə) digər şəxsə təmsil etdiyi şəxsin adına “Asan İmza”nı əldə etmək hüququnu versə də, onun adından həmin “Asan İmza” ilə əməliyyatları imzalamaq hüququ vermir.
Müvafiq olaraq, hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin səlahiyyətli nümayəndəsinin rəhbərə və ya fiziki şəxsə məxsus “Asan İmza”dan həmin hüquqi şəxsin və ya fiziki şəxsin adından əməliyyatların aparılması qanunvericiliyə uyğun deyil.
Bu səbəbdən də, səlahiyyətli nümayəndə hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin adından əməliyyatlar aparmaq üçün özü də “Asan İmza” sertifikatını əldə etməli və elektron xidmətlərdən istifadə zamanı proqram təminatında hüquqi şəxsin rəhbəri və ya fiziki şəxs tərəfindən ona əməliyyatların aparılması üçün müvafiq hüquqlar verilməlidir.
Nümunə: “A” müəssisəsinin rəhbəri “Asan İmza” əldə etmək üçün mühasibinə və ya onu təmsil edən digər şəxsə etibarnamə təqdim etmişdir. Həmin şəxs bu etibarnamə vasitəsilə xidmət mərkəzinə müraciət etməklə rəhbər üçün “Asan İmza” alır. Lakin həmin şəxs xidmət mərkəzində “A” müəssisəsinin rəhbərinə məxsus “Asan İmza” vasitəsilə sənədləri özü imzalaya bilməz. Bunun üçün o özü də “Asan İmza” almalı və “A” müəssisəsinin rəhbəri ona proqram təminatında hər hansı əməliyyatları aparmaq üçün müvafiq hüquqlar (səlahiyyət) verməlidir. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Naibə