zərbaycan ordusunun işğal edilmiş torpaqlarımızı azad etdiyi tarixi anları yaşayırıq. Cəbhədə qazanılan uğurların milyonlarla həmvətənimizi sevincə qərq etdiyi bu günlərdə yüz il öncə eyni taleni yaşayan əcdadlarımızın da yazdığı tarixi xatırlamaq vacibdir. Qəribədir ki, yüz il öncə - 1920-ci ildə də eyni düşmənlə savaşırdıq və nəticəsi qalibiyyət olmuşdu. Bu baxımdan Azərbaycan Cümhuriyyəti zabitlərindən Əjdər Babazadənin (Qurtulan) 1964-cü ildə Türkiyədə mühacirətdə yaşadığı zaman yazdığı “Əsgəran müharibəsi və Zəngəzur bölgəsinin qurtuluşu” adlı məqaləsi çox aktualdır.
Əjdər Qurtulan 1898-ci ildə Bakıda doğulub. İlk və orta təhsilini bitirdikdən sonra Bakıda hərbi məktəbə daxil olub.
Buranı tamamladıqdan sonra orduda xidmətə başlayıb. Cümhuriyyətin işğalından sonra bir müddət İranda qalır, daha sonra gizli “Müsavat”ın göstərişi ilə Bakıya dönür. 1923-cü ilin 15 iyununda İstiqlal Komitəsinin bir çox üzvləri kimi, o da saxlanılır. 1927-ci ildə Əjdər bəy yenidən həbs edilir. Bu dəfə isə o ya öldürüləcək, ya da Solovkiyə sürgün ediləcəkdi. Buna görə də İran səfirliyi ilə əlaqəsi olan yaxınlarının sayəsində ona İran pasportu düzəldilir. Əjdər bəy əvvəlcə Rəşt, daha sonra Tehrana sığınır. Tehranda Məhəmmədəmin Rəsulzadə ilə əlaqə qurur, onun buradakı təmsilçisi olur. “İstiqlal” qəzetinin, “Qurtuluş” jurnalının İranda mühacirlər arasında yayılmasında fədakarlıq göstərir. SSRİ-nin İranda hegemon olduğu 1940-cı illərdə isə Qurtulan burada qalmağın təhlükəli olduğunu düşünüb İranın yüksək vəzifəli şəxslərinin və Türkiyənin İran səfirliyinin dəstəyi ilə yaxın dostu Əli Azərtəkinlə birgə İstanbula gəlir. Əjdər bəy bir tərəfdən ailəsini dolandırmaq üçün bir şirkətdə çalışır, eyni zamanda, Azərbaycan Kültür Dərnəyinə və onun mətbu orqanı olan “Azərbaycan”a dəstək olur. Əjdər bəy 1971-ci il iyulun 6-da İstanbulda Kadıköydə Koşuyolu caddəsində ürək infarktı nəticəsində qaldığı evdə vəfat edir.
Teleqraf.com Əjdər Qurtulanın bu günümüzə də işıq salan məqaləsini təqdim edir:
***
Lənkəran-Muğan səfərindən sonra gənc ordumuz Zəngəzur bölgəsini qurtarmaq üçün Qarabağa göndərildi. Zəngəzurda yaşayan ermənilər İrəvan daşnakları tərəfindən təhrik və təşviq edilərək bu bölgəni Ermənistana birləşdirmək niyyəti ilə Azərbaycan hökumətini tanımırdılar. Eyni zamanda Qarabağın türk camaatının dəfələrlə mərkəzə (Bakıya) göndərdikləri nümayəndələri vasitəsilə və xəbərləşdikləri məktub və teleqramlarında ermənilər tərəfindən vəhşi surətdə qətliam edilmələrindən bəhs edilirdi.
Bunun üzərinə Milli Azərbaycan Hökumətinin qərarı ilə və 1919-cu ilin oktyabr ayında Hərbiyyə naziri Səməd paşa Mehmandarlının əmriylə mirliva Cavad paşa Şıxlı komandanlığında Zəngəzur ermənilərinə qarşı əsgəri hərəkat başladı. Bu əsgəri səfər bir aydan çox davam etdi. Nəhayət, Azərbaycan ordusu ermənilərin tutunduqları son bərkidilmiş mövqeləri olan “Dığa” qarşı qüvvətli bir hücuma keçdiyi zaman İrəvan hökuməti Gürcüstandakı ingilis komissarının vasitəçiliyi üçün müraciət etdi. Komissarın məsələyə ciddiyyətlə müdaxiləsi üzərinə ordumuzun hücumu dayandırıldı. Fəqət Azərbaycan ordusu əsl qabiliyyətini və əsgəri əhliyyətini Əsgəran müharibəsində isbat etdi.
1920-ci ilin 22 martında Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağlıq bölgəsində yaşayan ermənilər xain bir qiyam hərəkətilə Əsgəran keçidini tutdular.
Qarabağ dağlıq bölgəsi Azərbaycanın sair qismindən hündür dağlarla ayrılır. Əsgəran keçidi Yevlax ovası ilə Qarabağın dağlıq qismi arasında yeganə keçiddir.
Əsgəranın zəbtilə ermənilər Qarabağın dağlıq bölgəsini Azərbaycanın geri qalan qismindən ayırıb bütün bir vilayətin əsgəri və mülki heyətini əsarət altına almaq üzrə idilər.
Şuşa, Xankəndi və Cəbrayıl qəzasının mühafiz əsgəri qüvvəti 12 gün ərzində gecəli-gündüzlü İrəvandan gələn Dro idarəçiliyindəki erməni çətələrinin hücumlarına məruz qaldı. Çətələr erməni zabitləri tərəfindən idarə olunur və bunların arasında müntəzəm erməni birlikləri də hərbdə iştirak edirdilər. Asilər top və pulemyotlarla təchiz olunmuşdular. Sonradan bütün bu hadisənin Ermənistan hökuməti tərəfindən bolşeviklərlə anlaşaraq ortaya çıxarıldığı məlum oldu.
Azərbaycan hökuməti bu sırada iki atəş arasında qalmış oldu. Bir tərəfdən quzey sərhədlərimizdə Qırmızı Ordu toplanırdı, digər tərəfdən də bütün Qarabağ erməni ordusu tərəfindən işğal edilmişdi.
Belə ki, Qarabağdakı Azərbaycan valisi və vilayət qarnizonunun həyatı tamamilə təhlükədə olub hər an qətliama məruz qala bilərdilər. Bu vəziyyətdə Azərbaycan hökuməti Qarabağı xilas etmək məcburiyyətində idi. Buna görə Əsgəran cəbhəsinə general Həbib bəy Səlim oğlunun komandanlığı altında qüvvətli bir ordu göndərildi. 3 aprel 1920 tarixində səhər Azərbaycan ordusu ermənilərə qarşı şiddətli hücuma keçdi. Aradan keçən 10-12 gün ərzində ermənilər Əsgəran istehkamlarını gücləndirmək və müntəzəm xəndəklər, hətta bəzi yerlərdə təhkimli sipərlər etməyə müvəffəq olmuşdular. Eyni gün axşama doğru ermənilər tədricən qaçmağa başladılar və Əsgəranın hündür təpələrində təkrar Azərbaycan bayrağı dalğalanmağa başladı.
Hər erməni kəndi, hətta qayalar müharibə ilə geri alınırdı. Etiraf edilməlidir ki, ermənilər inadla müqavimət göstərərək cəsuranə savaşırdılar. Yalnız ertəsi günün gecəsi Azərbaycan ordusu Şuşa qalasına daxil ola bildi və Şuşa Xankəndinin mühafiz qüvvətlərinə qatıldı.
Ermənilərin məhvi ilə nəticələnən bu savaşlardan sonra şəxsən cəbhədə olan Azərbaycan Hərbiyyə naziri general-leytenant Səməd Mehmandarlı zabit və əsgərlərə xain düşmənə qarşı qazandıqları qalibiyyətdən dolayı təşəkkür bəyan etdi və nitqində bu sözləri söylədi:
“Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə oldum, fəqət sizin qədər qəhrəman əsgərlərə nadirən təsadüf etdim. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan ordusunun namusunu mühafizə etdiniz”. Komandanlarının yaxşı və əzmli idarəçiliyi altında vətən torpaqlarına sinələrini sipər edən əsgərlər də bu sözləri “Yaşasın Azərbaycan!” nidası ilə qarşıladılar”.
“Azerbaycan” jurnalı, 1964-cü il, sayı 142-143-144
Dilimizə uyğunlaşdırdı: Dilqəm ƏHMƏD
P.S. “Yaşasın Azərbaycan!” nidası bu gün “Qarabağ Azərbaycandır!” nidası ilə torpaqlarımızı düşməndən azad etməkdədir.