Bu gün koronavirus pandemiyası yenidən dünya ölklərini təhdid etməyə başlayıb. Təbii ki, bu yeni bir hal deyil. İnsanlarımız da bilirdi ki, bu virus hələ yox olmayıb. Çünki bu virusa qarşı effektiv vaksin tətbiq edilməyincə, onun yox olması mümkün deyil. Sözsüz ki, payız fəsili ilə əlaqədar olaraq, atmosfer təzyiqi, insan orqanizmində əmələ gələn immunitet, immun sisteminin zəifləməsi mövsümi xarakterlər baş qaldırır. Çünki koronavirus zəifləmiş bir orqanizmdə münbit bir mənbə taparaq qidalanmasını mütəxəsislər də vurğulayıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov bildirib.
O qeyd edib ki, ölkəmizdə də bu gün yoluxmada artan temp artıq qırmızı xətti keçildiyinə bir işarədir.
Millət vəkili bildirib ki, ölkəmizdə 369 yeni yoluxma halının qeydə alınması olduqca təhlükəli bir haldır: “Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün ölkəmiz vətən müharibəsi aparır. Ordumuz cəbhədə ardıcıl olaraq qələbələr qazanır. Ona görə də, hər birimiz Ordumuza dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Amma insanların bu gün yeganə dəstəyi öz sağlamlığını qeydinə qalmasıdır. Hər bir insanın öz sağlamlığını qoruması dövlətimizin, səhiyyəmizin yükünü azaltmış olar. Ona görə də, hamı bir nəfər kimi məhz belə bir halda daha diqqətli və məsuliyyətli olmalıdır. insanlar düşünməlidir ki, onun laqeydliyi üzündən bu yoluxma sayı hansı fəsadlara səbəb ola bilıər. Ordumuzla sıx təmasların olduğu bir halda daha təmkinli və diqqətli olmalıyıq”.
İlham Məmmədov bildirib ki, insanlarımız hələ də gigyenik qaydalara riayət etmir: “Metroda, ictimai nəqliyatda, alış-veriş mərkəzlərində insanların heç bir ehtiyat tədbir olmadan hərəkəti sonradan çöx böyük fəsadlara səbəb ola bilər. Ona görə də, hər birimiz ordumuza, dövlətimizə öz dəstəyimizi nümayiş etdirmək istəyiriksə öz sağlamlığımızı qorumalıyıq”.
Deputat qeyd edib ki, mülki əhali və Ordu bu gün sıx təmasda olduğuna görə, insanlarımız daha çox məhsuliyyətli olmalıdır: “Çünki bu gün Azərbaycan iki cəbhədə mübarizə aparır”.
Səhiyyə komitəsinin üzvü vurğulayıb ki, koronavirus geni məlum olmayan bir xəstəlikdir: “Həkim kimi bildirim ki, geni məlum olmayan zülal zəncirinin öyrənilməsi mümkün olmayan bir virusdur. Virusların öyrənilməsi ümumiyyətlə çox çətindir. Çünki onlar çox sürətlə mutasiyaya uğrayaraq yeni motivikasiyalarda üzə çıxa bilir. Ona görə də virusun klinik əlamətlərini, yayılma sürətinin müəyyən etmək mümkün deyil. Bu klassik viruslardan fərqli olaraq mənşəyi məlum olmayan bir virusdur. Əvvəldən də məlum idi ki, bu virusun özünü necə aparacağı məlum deyil. Hətta onun klinik əlamətlərinin belə müəyyən etmək çətindir. Çünki bu çox təhlükəli bir virusdur. Təhlükəli olmasaydı dünya təbabəti, tibb texnologiyası 7-8 ayda buna bir çarə tapmağa nail ola bilərdi. Vaksinləşmə ilə bağlı elanlar olsa da onun üçün də konkret bir metodologiya lazımdır”.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.