14 Oktyabr 2020 22:39
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın hər bir vətəndaşı düşünməlidir ki, biz koronavirus infeksiyası kimi qlobal təhlükə törədən digər bir virusla – qlobal erməni terrorizmi ilə üz-üzəyik. Xalqımızın birliyi və həmrəyliyi, Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuz qəhrəmanlıq səhifələri yazır. Bu günlərdə biz 30 il ayrı düşdüyümüz torpaqlarımıza qovuşuruq. Belə bir şəraitdə bizim nə mülki insanlarımız arasından, nə də xəstəliklə mübarizə aparan səhiyyə işçiləri sırasından itki verməyə haqqımız var.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, həmçinin, Səhiyyə komitəsinin üzvü, ixtisasca həkim olan Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, ən vacib olan isə odur ki, əhalimizin vacib bir parçası, bu gün hər birimizin ürəyimizin yağı, gözümüzün bəbəyi olan hərbçilərimizi qorumalıyıq:

“Əgər ölkəmizdə koronavirusa yoluxma artarsa, bu, bizim ordumuza, hərbçilərimizə də sirayət edə bilər. Ona görə də orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Əgər biz Qarabağda zəfər çalmaq istəyiriksə, hər birimiz koronavirusla mübarizədə özümüz bir həkim, özümüz bir əsgər olmalıyıq və özümüzdən daha çox ordumuzu düşünməliyik. 24 saat qətiyyət, fədakarlıq göstərən, döyüş meydanında gedən əməliyyatlara rəhbərlik edən Ali Baş Komandanımıza dəstək verməliyik”.

Məlahət İbrahimqızının sözlərinə görə, hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir:

“İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir”.

Məlahət İbrahimqızı qeyd edib ki, əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır:

“İnanıram ki, Azərbaycan vətəndaşları bu dəfə də məsuliyyətli davranacaq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməyəcək. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.

Deputat hər bir vətəndaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi riayət etməyə çağırıb:

“Burada da məqsəd həm vətəndaşlarımızın sağlam qalması, həm də ordumuza yayılmasının qarşısını almaqdır. Eyni zamanda bu gün tibb işçilərimiz yaralı hərbçilərimizə qulluq göstərirlər. Bu gün hamımızın bir şüarı olmalıdır – Hər şey cəbhə üçün, hər şey qələbə üçün! Ona görə də biz koronavirus pandemiyasının birinci mərhələsində nə qədər özümü qorumuşduqsa, bu gün ondan daha çox məsuliyyətli olmalıyıq”.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər