Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!
Bu tarixi müjdəni bizə Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.
Dövlətimizin başçısı deyib: “Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Şuşanın düşmən tapdağından azad edilməsi Qarabağən azadlığı uğrunda başladığımız Vətən Müharibəsində dönüş nöqtəsidir. Ermənilərin məqdəsi danışıqları uzatmaqla işğalı uzatmaq və bu yolla da bizdə bir ümidsizlik yaratmaq, inadımızı qırmaq və nəticə etibarı ilə ya Qarabağı ayrıca bir dövlət, ya da Ermənistana birləşdiməkdən ibarət idi.
Ermənilərin uzunmüddətli planlarında Şuşanı hətta Qarabağın paytaxtı etmək də vardı. Paşinyan yaxın gələcəkdə qondarma rejimin parlamentini Şuşaya köçürməyi planlaşdırırdı. Bu da Şuşanın paytaxt edilməsi yolunda atılmış ilk addım olacaqdı... Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz ermənilərin bu planlarını alt-üst etdi, onların arzularını ürəyində qoydu!
Bir vaxtlar, Azərbaycanı heçə sayan Paşinyan beynəlxalq norma və qaydaları pozaraq tez-tez Qarbağda görüşlər keçirir, hələ bu azmış kimi Şuşada separatçı rejimin nümayəndələri ilə yallı da gedir, “Qarabağ Ermənistandır nöqtə” kimi məsuliyyətsiz iddialar edirdi. Ali Baş Komandanımız da qeyd etdiyim bu məqamlara dəfələrlə toxunmuş və paşinyanı kəskin şəkildə tənqid etmişdir.
Yuxarıda qeyd etdiyim kimi, “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi”miz olan Şuşanın azad edilməsi dönüş nöqtəsidir. Məncə, bu, Azərbaycanın az qala 30 il ərzində işğalda qalmış torpaqlarını azad etmək uğrunda apardığı Vətən Müharibəsində qələbəsinin müjdəçisidir. Mənim bu fikrimi Politoloq Suren Sarqsyanın BBC News Ruscaya dedikləri də təsdiq edir. O deyib ki, ermənilərə Şuşanın itirilməsini “dərk etmək çox çətin olacaq”.
Hətta qeyd edib ki, Şuşa itirildikdən sonra Ermənistanda müxalifətin hakimiyyətin dəyişməsini tələb etməyə başlayacağı da istisna olunmur.
Sonda yazını Ali Baş Komandanımız sözləri ilə bitirmək istəyirəm:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Elşad Əliyev