Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.
Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli torpaqlarımızdan qovdu
Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir.
Ağır məğlubiyyətə uğrayan Ermənistan təslim oldu
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistan kapitulyasiya aktıdır. Yəni ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır.
Həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək
Mühüm məsələlərdən biri budur ki, həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək. Yəni hər hansı bir tərəf öz öhdəliyini yerinə yetirməsə, Rusiya kimi, Türkiyənin də müdaxilə etmək imkanı olacaq. Bu isə faktiki olaraq illər sonra yeni Rusiya-Türkiyə formatının formalaşdırılmasıdır.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyətə malikdir. Mərkəzdə təmsil olunan Türkiyə hərbçilərinin prosesdə iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır.
Bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə edilə bilməz
Əlbəttə, bəyanat bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə oluna bilməz. Vaxtilə ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri var idi. Orada deyilirdi ki, Dağlıq Qarabağa aidiyyatı olmayan 7 rayonun 5-ni qaytarırlar, 2 rayonu isə 5 il ərzində qaytarılır, Laçın koridorunun statusu müzakirə edilir. Dağlıq Qarabağa isə Azərbaycan icması köçəndən sonra referendum keçiriləcək və Dağlıq Qarabağın statusu müzakirə ediləcək. Naxçıvana koridordan isə söhbət belə getmirdi. Hətta bizim üçün belə ağır şərtlərə ermənilər razı olmurdu. Bu gün isə ətraf 7 rayonun məsələsi aydındır. Yəni Dağlıq Qarabağa aidiyyatı olmayan 4 rayon (Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğaldan azad edilib, 3 rayon isə (Kəlbəcər, Ağdam, Laçın) 20 gün ərzində geri qaytarılır. Dağlıq Qarabağa aid olan 5 rayondan 1-i olan Şuşa işğaldan azad edilib. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ərazilərini Ermənistan ordusu tərk edəcək. Bu rayonlarda heç bir xüsusi status olmayacaq.
Başqa bir məsələ bəyanatda “təmas xətti” anlayışının izahı ilə bağlıdır. Şübhəsiz ki, burada söhbət Azərbaycan əraziləri daxilində Azərbaycan və Ermənistanın ordusunun təmas xəttindən getmir. Çünki Ermənistan ordusu Azərbaycan bütün ərazisini tərk edəcək. Təmas xətti deyərkən burada söhbət birgə yaşayarkən təhlükəsizliyin maksimum təmin olunması üçün insanlar arasında təmasdan gedir.
Qondarma, separatçı, cinayətkar rejim artıq yoxdur və olmayacaq
Daha bir əhəmiyyətli məqam bəyanatda “Artsax” anlayışının olmamasıdır. Yəni qondarma, separatçı, cinayətkar “Artsax” artıq yoxdur. Dağlıq Qarabağ erməniləri üçün heç bir status müzakirə mövzusu deyil. Bu, o deməkdir ki, Dağlıq Qarabağ üçün xüsusi muxtariyyat nəzərdə tutulmayıb. Yəni Xankəndinin statusu da Biləsuvar və ya Şirvandan fərqlənməyəcək.
Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz
Bəyanatda göstərilir ki, Azərbaycan qoşunları haradadırsa, orada da dayanır. Hazırda qoşunlarımız Xankəndi, Xocavənd, o cümlədən Xocalı və Ağdərəyə nəzarət edirlər. Bəyanata əsasən onların öz yerində qalıb bu nəzarəti davam etməsinə əngəl yoxdur. Ermənistan qoşunları isə oraları tərk edir. İlk növbədə, həmin ərazilərdən didərgin salınmış azərbaycanlıllar öz yurdlarına qayıdacaq. Bu prosesdə BMT-nin Qaçınlar üzrə Ali Komissarlığı iştirak edəcəkdir.
Reallıq ondan ibarətdir ki, bu şəhərlərdə ermənilər də yaşayıblar. Xüsusilə də Xankəndidə erməni əhalisi çoxluq təşkil edib və beynəlxalq hüququn və konstitusiyamızın tələblərinə uyğun olaraq biz onları oradan qova bilmərik və onların Azərbaycan qanunlarının verdiyi bütün imkanlardan faydalanmasına şərait yaratmalıyıq. Ümumilikdə, Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz. Orada olan yerli ermənilər pasport qaydasında həmin ərazilərdə yaşaya biləcəklər. Bölgənin abadlaşdırılması və yenidən qurulması təmin olunacaq. Ancaq Azərbaycan vətəndaşı olan ermənilər bu ərazilərdə yaşaya bilər. Digər məqsədlər üçün Qarabağda hansısa bir qrupların yaşaması qeyri-mümkündür.
Rus sülhməramlıları Rusiya ordusu və ya hərbi bazası deyil
Müzakirə olunan əsas məsələlərdən biri rus sülhməramlılarının statusu və funksiyasıdır. Təbii ki, bu qüvvələr Rusiya ordusu və ya Rusiya hərbi bazası anlamına gəlmir. Bunların məqsəd və funksiyaları tamamilə fərqlidir. Rusiya daha çox patrul funksiyası yerinə yetirəcək. Sülhməramlılar ancaq nəzərdə tutulan təhlükəsizlik koridoruna nəzarət edəcək. Laçın koridorunun isə heç bir xüsusi statusu olmayacaq. Bu koridor Azərbaycan ərazisidir. Sadəcə, ermənilərin Dağlıq Qarabağdan Ermənistana və əksinə təhlükəsiz gediş-gəlişi təmin ediləcək.
Naxçıvanın blokadadan azad olunması böyük əhəmiyyətə malikdir
Bəyanatın mətninə nəzər saldıqda Türkiyə ilə Azərbaycanı, eyni zamanda, Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq Naxçıvanla gediş-gəliş koridorumuzun olması xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu regional, həm də qlobal əhəmiyyətli uğurdur. Bu yoldan bütün region faydalanacaq, çünki Çindən Avropaya qədər kommunikasiya yolu formalaşdırılacaq və bu, böyük iqtisadi perspektiv vəd edir. Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq ki, bu da regionda əməkdaşlığın dairəsinin genişlənməsinə təkan verəcək. Beləliklə, Naxçıvanın blokadadan azad olunması çox böyük önəm daşıyır.
Bütün bu faktlar və həqiqətlər imzalanmış bəyanatın Azərbaycanın tarixi qələbəsi olduğunu birmənalı şəkildə təsdiqləyir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü