Nəfəsimizi tutub böyük həyəcanla işğaldan azad olunan ərazilərimizin adları açıqlananda ilk sevincimizi Suqovuşanla yaşadıq... Ali Baş Komandan Madagizin azad olunduğunu elan edəndən qısa zaman sonra onun tarixi adını bərpa etməklə sevincimizə birini də əlavə etdi. Suqovuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi fatehlər deyə adlandırmağa başladıq.
Suqovuşan fatehlərindən biri Zülfüqar Qubatov ehtiyatda olan zabit kimi döyüşlərin başlamasını sevinclə qarşılayıb. Ailəm Vətənə əmanət, Vətəni qorunmaq mənə əmanət deyib döyüşə yollanıb.
Ağsu rayonunun Dilman kəndindən olan Zülfüqar Qubatov 1995-ci ildən Murovdağ silsiləsində 4 ilə yaxın, daha sonra uzun illər Tovuz, Şəmkirdə xidmət keçib. Hərbçi həyatı məlumdur: ailəsi ilə bir rayondan o birinə köçüb, uzun illər beləcə həyat sürüb, özünə ev-eşik edə bilməyib, təqaüdə çıxandan sonra isə Müşfiq qəsəbəsində kirayə evdə yaşamağa başlayıb.
Bölük komandiri, peşəkar tankçı idi, daim xidmət zamanı fərqlənib.
Kapitan ehtiyata buraxılsa da torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmir, Qarabağın azad olunması üçün müharibənin başlanması əmrini həyəcanla gözləyirmiş. Həyat yoldaşı Aynurə Qubatova deyir ki, 45 yaşını döyüşlər başlamazdan 2 gün qabaq qeyd ediblərmiş, sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını eşidəndə uşaqtək sevinib. Şəhidimiz ömür-gün yoldaşına söyləyib ki, onu çağırmasalar belə günü sabahdan könüllü kimi döyüşlərə yazılacaq. Bir gün sonra Vətən peşəkar tankçını da Qarabağın azadlığı uğrunda döyüşlərə səsləyib. Bu xəbəri alar-almaz ildırım sürətilə çantasını hazırlayıb xidmətə tələsən kapitan heç övladlarını doyunca bağrına basıb onlarla sağollaşa bilməyib...
Aynurə Qubatova bildirir ki, 45 yaşı təzə tamam olmuşdu, onu səfərbərliyə çağıracaqlarına inanmayıb: “20 gün sonra cənazəsi gəldi...Dedi ki, mənim vəzifəm budur, əvvəldən də bilirsən ki, Vətənə xidmət eləmişəm, məqamı indidir, Vətənimə olan borcumu yerinə yetirməliyəm.
Dedi tale bizə bunu qismət elədi, şükür ki, mən də bu döyüşlərdə iştirak edirəm, övladlarımın öv balalarına danışacağı xatirə olsun. Şərəf bilərəm ki, mən də bu Vətən üçün nə isə elədim. Sabah oğlum adım çəkiləndə qürur duysun ki, mənim atam Vətəni, mənim, hamımızın yolunda xidmət göstərib. Həmişə bildirirdi ki, tək mənim yox, bütün Azərbaycan kişilərinin borcu övladlarımıza azad bir Vətən bəxş etməkdir. Bunları tarix kitablarında oxuyacaqsınız”.
Aynurə xanım deyir ki, imkan düşdükcə ailəsinə zəng edib onlara ürək-dirək verməyə çalışırmış: “Oğluma dedi ki, bu evdə hamını idarə edən, kişi sənsən, ananı da, bacılarını da sənə tapşırıram. Mənim sözlərim sizlərə dost nəsihəti olsun. Nigaran qalmayaq deyə fürsət düşdükcə zəng eləməyə çalışırdı. İnandırım sizi telefonda Zülfüqarın səsindən çox mərmilərin səsi eşidilirdi. O qədər ruh yüksəkliyi vardı ki...”
Aynurə Qubatova söyləyir ki, sonuncu yubileyini ailəsi ilə birgə qeyd edən şəhidimiz yolboyu sanki vəsiyyət edirmiş: "Nəyi necə edəcəyimi məsləhət verirdi, deyirdi uşaqlara diqqət elə, hər şeyə hazırlıqlı ol. İki saatlıq yolu ancaq vəsiyyət etdi, şəhidsiz torpaq azad olunmur, biri də mən ola bilərəm, qəm yemə ki necə olacaq, şükür prezidentimizə, dövlətimizə zaval verməsin, mən olmasam da, dövlətimiz sizin arxanızda olacaq, narahat olmayın. Ancaq vəsiyyət...Avtobus yola düşəndə, bir anlıq döndü gözdən itənə qədər qabağa çönmədi, həmin an içimdə bir hiss yarandı ki, bir daha onun üzünü görməyəcəm. Uşaqlara, anama zəng edib ağlaya-ağlaya onu yola saldığımı dedim. Uşaqlar tez-tez soruşurdu ki, səncə, necə olacaq. Hiss edirdim ki, qayıtmayacaq, amma heç nə deyə bilmirdim. Baldızım bizə zəng etdi ki, sizə gəlirik, nə istəyirsən, alım gətirim. Qeyri-ixtiyari dedim ki, Zülfüqarı istəyirəm, gətirə bilərsən? Oktyabrın 14-ü idi, şəhid olubmuş, mən də qəlbimdə sadəcə onu istədim...Baldızım da dedi ki, Zülfüqarı mən də istəyirəm, amma gətirə bilmirəm. Qaynım gəldi ki, Zülfüqar yaralanıb, hazırlaş rayona gedirik. Amma bilirdim ki, artıq şəhid olub. Adətən yaralı hərbçiləri qospitala aparırlar, soruşdum, biz niyə rayona gedirik. Dedim daha de ki, şəhid olub...Qızım elə hönkürtü ilə ağladı ki, səsinə qonşular yığışdı. Pis olmasın deyə onu sakitləşdirirdim ki, qızım yaralanıb...Yolboyu yalvarırdım ki, heç olmazsa bircə anlıq sağ görə bilərdim. Qismət olmadı...
Şəhidsiz olmur, bircə təsəllimiz odur ki, övladlarımız daha düşmənin murdar üzünü görməyəcək, bu ağır yük balalarımızın çiynində qalmayacaq, öz torpaqlarında azad gəzəcəklər. Zülfüqar deyirdi ki, biz ataların borcu övladlarımıza azad bir ölkə bəxş edək”.
Şəhid olacağı sanki ürəyinə damıbmış Zülfüqar Qubatovun. Ailəsi ilə son telefon danışığı oktyabrın 13-də olub. Həyat yoldaşına hər şeyə hazır olmağı tapşırıb: “Axşamüstü bir anlıq gözümün qabağına gəldi ki, şəhid olub. Düşündüm yəqin zəng etmədiyinə görə belə fikirləşirəm. Heç vaxt zəng etməzdim, oktyabrın 13-dən sonra zəng gəlmədi, dalbadal zəng edib, mesajlar yazdım. Heç birinə cavab gəlmədi. Oktyabrın 15-i eşitdik ki, şəhid olub. Deyirdi şəhidlik uca bir məqamdır, aprel döyüşlərində, Qarabağ müharibəsində şəhid olanlar haqda danışırdı ki, onların yeri cənnətdir, o da hər adama qismət olmur. Sonuncu zəngində sadəcə halallıq istədi. Qayıtdım ki, sənin bizim üzərimizdə haqqın çoxdur, sən halal elə. Dedi mən evdən çıxanda halal etmişəm, amma deyə bilmədim, bildim ki, pis olacaqsınız, siz halal edin...”
Aynurə Qubatova qeyd edir ki, xidməti ilə əlaqədar ucqar rayonda qohumlardan uzaqda yaşayıblar, həyat yoldaşı ona həm də sirrini bölüşdüyü dost olub: “Atamı itirəndən sonra dedi ki, elə bil sənin də atan mənəm, evdə iki yox, üç qızım var, həqiqətən bizim dostumuz idi. İlk gündən hər bir problemimizi bir yerdə həll etmişdik. Mənim həyatda bacım yoxdur, atama, anama demədiyim sirri onunla bölüşürdüm, tək həyat yoldaşımı yox, həm də məsləhətçimi, dostumu itirmişəm. Tək mənə yox, tabeliyində olan əsgərlərə də dost kimi idi. Xüsusən valideynlərini itirən hərbçilərə diqqətlə yanaşırdı, onların problemlərinin həllinə çalışırdı, deyirdi onlar onsuz da həyatın sərt üzünü görüblər. Bir tək təsəllim onun şəhidlik zirvəsidir. Şükür Azərbaycan Ordusu torpaqlarımızı geri qaytardı, nəinki Zülfüqarın, bütün şəhidlərimizin qanı yerdə qalmadı. Allah əsgərlərimizi, ordumuzu, ali baş komandanımızı qorusun, bütün qazilərimizə şəfa versin”.
Şəhidimiz sonbeşiyi 13 yaşlı Ömərə ana və bacılarını əmanət edib, körpə balasından da ölümündən qabaq halallıq istəyib...Zülfüqar Qubatov uzun illər xidmətdə olduğu üçün üç övladı ilə çox vaxt keçirə bilməyib, onlar da atasını anlayışla qarşılayıb, yorğun olduğu üçün ona qıymayıblar: “Sonuncu dəfə zəng edəndə bizə dedi ki, haqqınızı halal edin, biz də dedik sənin bizim üstümüzdə haqqın çoxdur, biz sənə necə haqqımızı halal edək. Özündən çox məni, bacılarımı fikirləşirdi. Xoş günlərimiz vardı, vaxtı olanda gəzməyə aparırdı, evdə dərslərimlə maraqlanırdı, birlikdə söhbət edirdi, indi mən atamı istəyirəm...”
Nəzrin Qubatova qeyd edib ki, atası çox böyük zirvədədir, hər kəsə qismət olmur: “Müharibə başlandığı barədə xəbəri eşidəndə torpaqlarımızın azad olunacağı ümidi ilə o qədər sevinirdi ki...Deyirdi mən də gedəcəm, gənclərə gedib mütləq kömək etməliyəm, hərbçi yoldaşları bizə gələndə danışırdılar ki, atan bizə ürək-dirək verirdi, deyirdi qorxmayın, mərd olun.
Dərsdən gələndə görürdük növbədən gəlib yatıb, dincəlir, səs salmırdıq ki, əziyyət çəkib, yorulub, həmişə gözünün altı qara, ya da qırmızı olurdu. Biz axşam yatanda da o durub işə gedirdi. Həqiqətən də uşaqlıqda atamın iş rejiminə görə onu görə bilmirdik. Sanki uzun illər səfərdə olmuşuq, atamın iş şəraitinə görə ayrı-ayrı rayonlarda yaşamışıq, evimiz olmayıb. Ehtiyata buraxılandan sonra bacımla mənim ali təhsilimizə görə Bakıya köçdük. İmtahan verməyə gedəndə məni atam aparmışdı, suallara başım qarışmışdı, imtahandan ən gec mən çıxdım, gözümün içinə baxırdı ki, görsün necə yazmışam, gülə-gülə onun üstünə getdim, nəticələr bəlli deyildi, atam deyirdi bilirəm, tələbə adı qazanacaqsan. Bizimlə fəxr edirdi. Qismən səfərbərlik elan olunanda atam işdə idi, deyəsən xəbəri yox idi. İşdən evə gələndə bu xəbəri ona verdim, o qədər sevindi ki...Dedi mən də gedəcəm. Bilinməyən nömrədən zəng gəldi, apardım telefonu verdim, nə danışdığını bilmədik, bir də gördük sürətlə hazırlaşmağa başlayır. 10 dəqiqənin içində evdən çıxdı. O qədər ağladım ki. Ağlamaqdan onun üzünə baxa, son dəfə qucaqlaya bilmədim.
Doğum günü təzə olmuşdu. Çalışırdı hər gün zəng eləsin. Sonuncu zəngində bir kəlmə dedi ki, vəzifəm var, mən getməliyəm, sənə zəng edəcəm. Dedim ata, zəngini gözləyəcəm. Haradansa eşitmişdim ki, bir insanı Allaha əmanət etsən, onu ölmədən əvvəl görərsən. Hiss elədim, dedim ay ata, səni Allaha əmanət edirəm...1 saat, 2 saat, 3 saat gözlədik. Bizə dəqiq vaxt deyilməyib, amma bilirəm ki, atam o ərəfələrdə şəhid olub. Bir anlıq durub dedim ki, atam yoxdur, anam da adını çəkib ağlayırdı. Zəng gələndə hər dəfə telefonun üstünə qaçırdıq, ondan xəbər çıxmadı, səhəri gün də zəng olmadı. Sonra bir nömrədən zəng gəldi, əmimin səsi atamın səsinə çox oxşayır, Aynur dedi, elə bildik atamdır, o qədər sevinmişdim ki...Əmim dedi Zülfüqar yaralanıb, anam qışqırdı ki, düzünü de, ölüb? Onda bildim ki, atam artıq yoxdur...Ad günü sentyabrın 25-i idi, doğum günündə də hamımız deyirdik, ay ata, Allah sənə uzun ömür versin, heç 20 günlük ömrü yox imiş...”