14 Dekabr 2020 17:15
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdar edir.

Bu barədə Teleqraf.com-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər