Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edirdi. Bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib. Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.
Teleqraf.com-un məlumatına görə, hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.
Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.
Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.