Hazırda COVİD-19-a qarşı vaksinlərlə bağlı müzakirələr aparılır. Yaxın günlərdə bununla bağlı rəsmi qərar olacaq.
Teleqraf.com-un məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.
Azərbaycanın hansı vaksinləri seçəcəyi məsələsinə toxunan Y.Qarayeva qeyd edib ki, bütün dünyada vaksinin seçimi ilə bağlı əsas meyar onun təhlükəsizliyidir: “Nə qədər effektiv olsa belə, vaksinin əks-təsiri varsa, onun istifadəsi artıq müzakirə edilmir.
İkinci əsas meyar isə onun effektivliyidir. Əgər bir peyvənd vururuqsa, onun immunitetinin qazanılmasını gözləyirik. Bunlarla yanaşı, onun istifadəsinin rahat olması da seçim meyarları sırasındadır. Ona görə də Azərbaycan üçün prioritet təhlükəsizlik, effektivlik və bizim şəraitdə rahat istifadə olunmadır”.
Y.Qarayeva əlavə edib ki, hazırda COVİD-lə mübarizədə bütün ümidlər vaksinasiyayadır: “Artıq bir ilə yaxındır ki, bu xəstəliklə birgə yaşayırıq. Fərqli ümidlər və fikirlər vardı. Havaların isinməsi ilə əlaqədar bəzən düşünülürdü ki, bir dəfə yoluxdunsa, daha yoluxmayacaqsan - artıq bunlar özünü doğrultmadı. Çünki yayda xəstəlik kəskin şəkildə artdı. Azərbaycanda ikinci dəfə virusa yoluxanları və ya yoluxub heç bir immuniteti yaranmayan insanları gördük. Ona görə də biz belə düşünürük ki, vaksinasiya mütləqdir”.