Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq gəmilərdə və neft platformalarında mobil internet təqdim edib. Bundan sonra şirkətin korporativ abunəçiləri mobil internetdən təkcə quruda yox, dənizdə də istifadə edə biləcəklər.
Ölkədə fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri ilə dənizdə mobil internet xidmətlərinin göstərilməsinə dair yeni imzalanmiş müqaviləyə əsasən, ilkin mərhələdə “Bakcell”in mobil internet xidməti 4 dəniz gəmisi və 1 neft platformasında istifadəyə verilib.
“Biz çalışırıq ki, abunəçilərimiz Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı ən keyfiyyətli müştəri təcrübəsindən yararlana bilsinlər. Bu layihə sayəsində gəmidə və neft platformalarında çalışan və dənizdə uzun müddət vaxt keçirən insanlar öz ailə üzvləri və yaxınları ilə daim ünsiyyətdə qalacaqlar. Korporativ və fərdi abunəçilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell öz şəbəkəsini və xidmət keyfiyyətini təkmilləşdirməyə davam edəcək. Məqsədimiz xidmətlərimizdən istifadə edən hər kəsin mobil telekommunikasiya xidmətlərinə dair ehtiyac və tələblərinin tam şəkildə ödəməkdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Dənizdə mobil internet xidmətinin göstərilməsi Azərbaycan üçün bir yenilikdir. Bu yenilik sayəsində gəmi və neft platformalarının personalı saniyədə 10 meqabitə qədər sürəti olan limitsiz və yüksək keyfiyyətli mobil internetdən yararlanırlar.
Qeyd edək ki, oxşar layihələr indiyə kimi Meksika, Rusiya və Kanada daxil olmaqla çox az ölkədə həyata keçirilib.
Dünyaca məşhur OOKLA şirkəti üç dəfə ardıcıl olaraq Bakcell şəbəkəsini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb.