Cənab Prezidentimiz İlham Əliyevin Azıx mağarasına getməsi, oradan bir sıra vacib məsələləri özündə əks etdirən və hər birimizin qürur duyduğu dərin mənalı çıxışı tarixi irsimizə, tarix və mədəniyyət abidələrimizə olan diqqət və qayğını göstərdi. Heç şübhəsiz, dövlət başçımızın Azıx mağarası ilə bağlı dedikləri müvafiq qurumlar üçün təməl prinsiplərdir, ona uyğun tədbirlər həyata keçiriləcək və arxeoloji tədqiqatların yenidən başlanmasına səbəb olacaq.
Bu fikirləri Teleqraf.com-a millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor xatırladıb ki, Azərbaycanın dünyada ilk insan məskənlərindən biri olduğunu sübut edən, Azıxantropu kəşf edən Məmmədəli Hüseynov ona Bakı Dövlət Universitetinin Tarix fakültəsinin indiki İstiqlaliyyət küçəsində yerləşən korpusunda Arxeologiya fənnindən dərs keçib:
“Nə qədər düzgün xatırlayıramsa, dərslərimiz ikinci mərtəbədə 219-cu auditoriyada keçilirdi. Böyük şövqlə Azərbaycanın ilk insan məskəni olduğunu sübut edən, qız çənəsi olan Azıxantropdan danışar, Fransa alimlərinin onun kəşfini təsdiq etdiyini deyərdi. Professor Dəmir Hacıyevin adını ilk dəfə Məmmədəli müəllimin dilindən eşitmişəm. Azıxantropa qarşı çıxan şəxslərə amansız münasibət göstərərdi.
Bir dəfə mühazirədə Azıxantropla bağlı məsələləri xırdalığına qədər izah etdikdən, Fransada sərgidə nümayiş etdirildiyini, hətta fransız alimlərinin də təsdiqlədiklərini söylədikdən sonra auditoriyaya müraciətlə “kimin sualı var” - dedi. Mühazirələri o qədər diqqətlə dinləməyən tələbə yoldaşlarımızdan biri bu zaman “tapıntının alt çənə və qıza aid olduğunu necə müəyyən etdiniz?” sualını verdi. Məmmədəli müəllim “bəs sənin fikrin harada idi, niyə qulaq asmırdın, bayaqdan onu izah edirdim” deyərək yenidən izaha başladı və həmin şəxs dodağının altında mızıldananda “sən də bizi istəməyənlər kimi danışırsan” söyləyib onu auditoriyadan çıxardı.
Tələbə olsaq da, hiss edirdik ki, o zaman özümüzdən olan bəzi şəxslər Məmmədəli müəllimi qısqanır və hətta atmaca da atırdılar”.
Musa Qasımlı 1975-ci ilin iyun ayında I kursun yay imtahan sessiyası zamanı Arxeologiya fənnindən imtahan verdiyini xatırladıb: ”Sessiya imtahanları başa çatdıqdan sonra Məmmədəli müəllimin rəhbərliyi altında aparılan arxeoloji qazıntı işləri zamanı istehsalat təcrübəsində iştirak etdik. İstehsalat təcrübəsi bütün tələbələr üçün məcburi idi. Biz Salakətin kəndində 8 illik məktəbin binasında qalırdıq. Hər gün səhər yeməyindən sonra dağ cığırları ilə mağaraya gedirdik.
Birinci dəfə Məmmədəli müəllim mağaranın girişində bizi toplayıb üzü Azıx kəndinə tərəf dayanaraq məlumat verərək dedi ki, ilk olaraq iki çoban bu mağara barədə məlumat verib, mağarada bir qadın daş heykəli də var. Sonra özü irəlidə, biz isə onun arxasınca mağaraya girdik. Bir yerdə sürünərək mağaranın digər yerinə keçdik”.
Musa Qasımlı şənbə və bazar günləri təcrübə olmadığı üçün ətraf kəndlərə və abidələrə baxmağa getmələrindən də bəhs edib: “Ekspedisiya maşınının sürücüsü, əslən Füzulidən olan Cəmaləddin bizi QAZ-51 maşınla gəzdirərdi. İlk getdiyimiz yer Tuğ kəndi oldu. Gəzdikdən sonra kəndin ortasından keçən çayın üstündəki körpüdən ötüb, solda yerləşən göy rənglə boyanmış kiçik dükandan lazım olan şeyləri alıb, gedib çayda daşların üstündə oturmuşduq. Hətta Cəfər Cabbarlının “1905-ci il” pyesində İmamverdi və Allahverdini xatırlayıb “atan kazaklardır” deyərək zarafat da etmişdik.
Hesab edirəm ki, cənab Prezidentimizin çıxışından sonra Azıxda arxeoloji tədqiqat işləri daha dərindən aparılacaq və erməni saxtakarlıqları bir daha ifşa ediləcək. Təşkil olunacaq ekspedisiyanın işində BDU-nun Tarix fakültəsində müvafiq ixtisasda təhsil alan bakalavr və magistrların iştirakı yalnız fayda verər”.