29 Mart 2021 12:33
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı türkoloq, şair-publisist, professor Ramiz Əskərdir.

Onunla söhbəti təqdim edirik.

- Ramiz müəllim, kitabxananızda nə qədər kitab var?

- 3 böyük kitabxanam var, ən böyüyü Xızıdadır. Yayda orada oluram. Ümumən 10 minə yaxın kitabım var.

- Hazırda hansı kitabı oxuyursunuz?

- Kitab oxumağa vaxt tapmıram... Elmi yazılar oxuyuram. Mən oxucu deyiləm, yazıçıyam. Hazırda oxuduğum kitab 7 yaşlı nəvəmin yazdığı "Burlanın nağılları" kitabıdır. İngilis-azərbaycanca kitabdır. 3 nağılı var bu kitabda. 6 yaşı olanda yazıb.

- Bəs oxuduğunuz elmi yazılarda üstünlük hansı mövzuyadır?

- Türkoloq olduğum üçün tarix mövzularda, eləcə də qədim türk ədəbiyyatı haqqında oxuyuram. Eyni zamanda bir ermənişünas kimi politologiyaya aid mətnləri də mütaliə edirəm.

Bədii əsər oxumağa vaxtım olmur. Hərdən müəyyən zaman tapıram. Məsələn, yayda Antuan de Sent-Eksüperinin hansısa əsərini oxudum, mənə saxta gəldi... Ədəbiyyat uydurmadır. Yazıçı içki içir, boş, mənasız fikirlər yazır.

- Qeyd etdiniz ki, həm də ermənişünaslıqla məşğulsunuz. Dünyaya ermənilərlə aramızda baş verən münaqişələri çatdırmaq üçün, sizcə, yetəri qədər kitab varmı?

- Təəssüf ki, milli məsələləri kitablara az yazırıq. Gərək bunu yazıb, tərcümə edək. Məsələn, mənim Vaşinqtonda yerləşən Konqres kitabxanasında bütün kitablarım var. Poçtla, oğlum vasitəsilə göndərirəm. Bu, lazımdır.

Doğrudur, indi internet kitabı üstələyir. Amma kitabın əhəmiyyəti başqadır. Kitab sənəddir, qeydə alınıb. İnternet yüz faiz sübut deyil.

- Neçə kitabınız çap olunub?

- Ölkə üzrə ən çox kitabı çap olunmuş adamam. 23 öz kitabım, 50-dən çox tərcümə kitabım nəşr olunub. Təxminən 80 kitab...

- Kitaba hazırkı maraq sizi qane edirmi?

- Sovet dövründə kitab yaxşı oxunurdu. Biz də oxuyan millətlərdən biri idik. Avtobusa, metroya daxil olanda hamı kitab oxuyurdu. Amma indi oxumurlar... Universitetdə müəlliməm, tələbələr oxumur. 50 tələbədən heç beş nəfəri oxumur.

- Bayaq internetin kitabı üstələdiyini dediniz. Elə stolunuzda da kompüter görürəm. Maraqlıdır, tədqiqatlar apardığınız zaman onlayn kitablara üstünlük verirsiniz, yoxsa çap ədəbiyyatına?

- Mən bütün türk dillərindən tərcümələr etmişəm. Bircə qaraqalpaqca birbaşa tərcüməm yoxdur.

Məsələn, mən Əlişir Nəvaidən dərs deyirəm. 20 cild əsəri var, bizdə yoxdur. Mən araşdırıram, onun əsərlərinin tədrisində pdf-dən istifadə edirəm. Onlayn kitablar bizim üçün çox vacibdir.

- Özünüz də qeyd etdiniz ki, kitab tərcümə edirsiniz. Azərbaycan ədəbiyyatında tərcümə olunan kitablar sizi qane edirmi?

- Bizdə kitab tərcüməsi zəif inkişaf edib. Məsələn, Viqtor Hüqonun araşdırsaq, Azərbaycan dilində beşdən artıq tərcümə olunmuş əsəri yoxdur.

- Hansı dildə kitab oxumaq sizə daha rahatdır?

- Rusca, türkcə, ermənicə kitab oxuyuram. Türk və rus dillərində oxumaq daha rahatdır. Ermənicə danışıq yadımda qalıb, sürətli şəkildə yaza bilirəm. Türk dillərinin isə hamısını bilirəm.

- Sizcə, hansı kitablar mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır?

- İlk olaraq "Divani lüğət it-türk" tərcümə olunmalıdır, 2006-cı ildə mən tərcümə etdim. Bu kitab türk dünyasının həcm, zaman və siqlət etibarilə ən böyük kitabıdır. Bu kitab əlimizdə olmasa, 1000 il əvvəlki dilimizi, lüğət tərkibimizi, terminlərimizi haradan bilərik? Mənim bu tərcüməmlə türkologiya rahatlandı.

Növbəti əsər isə "Orxon-Yenisey abidələri"dir. Mən 2007-ci ildə Monqolustana səfər etdim, Orxon-Yenisey abidələrini çəkdim. Ölkəmizdən o abidələri gedib görən ilk və son insan mənəm.

Ondan sonra Baburun "Baburnamə" əsəri, türk dünyasında memuar janrında yazılmış tək əsərdir. Kim tərcümə edəcək? Heç kim.

- Türk dünyasında ən sevdiyiniz yazar kimdir?

- Mən bir dəfə kitab yazanda bu mövzuya toxunmuşdum, türk dünyası genişdir. Türk dünyasında minimum 10 min qələm əhli var. Tarix boyu divan ədəbiyyatı üzrə ən böyük şair Əlişir Nəvaidir. 4 divan yazıb, Xəmsə yazıb. Xalq ədəbiyyatı sahəsində ən böyük şair Məhdumqulu Fəraqidir. Türkmən ədəbiyyatı nümayəndəsidir.

Aşıq Ələsgər, Toktoqul Saqıltanov, Çingiz Aytmatov, İsa Hüseynov da bu siyahıya daxildir.

- Bəs yerli ədəbiyyatdan kimi bəyənirsiniz?

- Sovet dövründən Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, müstəqillik dövründən isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Arazın qələmini sevirəm.

Müqayisə aparsaq, birinci qrup senzura olan dövrdə çox böyük əsərlər yazıblar. Yaxud Mirzə İbrahimov, İlyas Əfəndiyev... Hər dövrün öz ruhu var. Son 30 il daha məhsuldardır.

- Gənclikdə hansı kitabxanaya gedirdiniz?

- BDU-da təhsil aldığım zaman ilk işim Axundov kitabxanasına yazılmaq oldu. Hər gün dərsdən sonra oraya gedirdim. Dayanmadan oxuyurdum. Təhsil müddətim boyu bir dəfə də "4" qiymət almadım.

- İndi necə, kitabxanaya getməyə vaxtınız olur?

- İndi yox. Universitetin kitabxanasında oluram. Araşdırmalar üçün də Milli Elmlər Akademiyasının elektron kitabxanasından istifadə edirəm. İndi kitab oxumaq dəbdən düşüb.

O vaxt insanlar kitab alırdı. Satışda kitab qalmırdı.

- Bəs indi kitab satışındakı problem nədən qaynaqlanır?

- Çünki qonorar yoxdur. Yazara heç nə verilmir. O vaxt 7-8 min ödəniş alırdın bir kitab yazmaq üçün. Kitab satıldıqdan sonra, tanınırdın. Lakin indi nəşriyyat səndən pulu alıb, sonra çap edir.

Bu səbəblə satışa kitab vermirəm. Dost, tanışlara hədiyyə edirəm.

- Sonuncu dəfə hansı kitabı almısınız?

- Ümumiyyətlə, kitab mənim əlimdən düşmür. Hər gün mənə kitablar gəlir. Sonuncu dəfə Şumer dili kitabını mənə verdilər ki, onun haqqında yazı hazırlayım.

- Stolüstü kitabınız hansıdır?

- O dəyişən bir şeydir. Bir neçə kitab var ki, tərcümə etmişəm və həyatımın vacib kitablarıdır. "Divani lüğət it-türk" və Türkcahan Məfkuriyyəti tarixi kitabı stolüstü kitablarım olub. Son dövrlərdə stolüstü kitabım Əlişir Nəvaidir.

Foto: Pərviz Həşimi


Müəllif: Aysel Azad

Oxşar xəbərlər