“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Teleqraf.com-un məlumatına görə, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ruslan Əliyev daha sonra “Azəriqaz” İstehsalat Birliyinin həm pandemiya, həm də Vətən Müharibəsi dövründə üzərinə düşən böyük məsuliyyəti dərk edərək fasiləsiz fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, həmçinin qurumun bir çox əməkdaşının könüllü olaraq ordu sıralarına yazılıb torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatıldığını bildirib. “Bizə Qələbə qürurunu yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq. Bizim həssaslıqla yanaşdığımız məqamlardan biri şəhid və qazi ailələrinin qaz təchizatına dair müraciətlərini təmin etməkdir. Bu gündəlik işimizin əsasıdır və bu layihələrə biz sosial aksiyadan çox öz müqəddəs vəzifə borcumuz kimi baxırıq”.
Ruslan Əliyev çıxışının davamında qazlaşdırma ilə bağlı bəzi məqamlara da toxunub. “Cənab Prezident, möhtərəm İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2 % təşkil edir. Son 10 ildə Respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub. Biz 2021-ci ilə də bir çox mühüm addımlar atmaqla başladıq. Birliyimizin Metrologiya Departamentində “Açıq Qapı” günləri təşkil etdik, sosial şəbəkələrdə aktivliyimizi canlı yayımlar vasitəsilə artırdıq, SMS bildirişlərlə abonentlərə borcları və qaz təchizatındakı böyük miqyaslı dayandırmalar haqda məlumatlar göndəririk. Hesab edirik ki, bu ilki hədəflərimizə çatmaq üçün bundan sonra da səylə çalışacağıq”.
Daha sonra Ruslan Əliyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Ruslan Əliyevə təşəkkür edib. O, “Azəriqaz” İstehsalat Birliyinin Caspian Energy Club ilə uzunmüddətli əməkdaşlıq etdiyini və klubun fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. Telman Əliyev həmçinin qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Caspian Energy Club arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.