27 Aprel 2021 10:16
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Kimya və Biologiya müəllimlərinin Respublika onlayn Forumu keçirilib.

Teleqraf.com-un məlumatına görə, Universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Təbiət elmləri” və “Ekologiya və ətraf mühit” kafedralarının təşkil etdiyi Forumda ölkənin müxtəlif bölgələrindən 1500-dən artıq məktəbin 2000-ə yaxın müəllimi iştirak edib.

Açılış nitqi ilə çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri professor Hüseyn Bağırov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində şanlı qələbədən sonra ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğunu, bu dövrdə təhsil sahəsində də yeni çağırışların yarandığını qeyd edib: “Yeni dövrdə ali təhsil müəssisələri qarşısında da olduqca vacib tələbələr dayanır. BMT-nin dayanıqlı inkişafın təmin olunmasına dair 17 məqsəd üzrə universitetlərin xidmətlərini qiymətləndirilməsinin aparılması da qlobal çağırışlar fonunda təsadüfi deyil. Sevindirici haldır ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education 2021-ci il üçün “THE İmpact Ranking” reytinqinə bu il ölkəmizdən 6 universitet daxil edilib, eləcə də Qərbi Kaspi Universiteti 1250-yə yaxın ali təhsil müəssisəsi arasında ən yaxşı 601+ universitetdən biridir, 5 məqsəd üzrə isə universitet ən qabaqcıl 201+ təhsil ocağı arasındadır”.

H.Bağırov STEAM təhsil sisteminin tətbiqinin bugünkü qlobal təhsil trendlər fonunda olduqca aktual olduğunu diqqətə çatdırıb.

Forumda məruzəçilər tərəfindən təhsildə innovativ texnologiyaların tətbiqi, bu texnologiyaların təbiət elmlərinin ən vacib sahələrindən olan kimya və biologiya sahəsində də yeni mərhələ yaratdığını qeyd ediblər.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd ali və orta məktəblər arasında inteqrasiya yaratmaq, kimya və biologiya kimi inkişafda olan elmlərin nailiyyətləri haqqında diskussiya şəraitini formalaşdırmaq, elmi ictimaiyyətin fikir və təkliflərinin toplanması, elmin bu istiqaməti üzrə yaradıcı və eksperimental tədqiqat fəaliyyətlərinə marağı formalaşdırmaq və inkişaf etdirməkdir.

Forum universitetin Youtube kanalında canlı yayımlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər