Fövqəladə Hallar Nazirliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Teleqraf.com mətni təqdim edir:
“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov ömrünün 57-ci baharında vəfat etmişdir. Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin dəst-xəttinə, Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyi, çalışdığı məsul vəzifədə nümayiş etdirdiyi yüksək peşəkarlıq onun Azərbaycanın milli maraqlarının qorunması naminə fəaliyyətində xüsusi rol oynamışdır. Azad Rəhimovun ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində fəaliyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
Azad Rəhimov gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafında, gənclərin vətənpərvər, dövlətinə sədaqətli, savadlı, sabahın layiqli vətəndaşları kimi yetişməsində, onların ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunmasında yaxından iştirak etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramlarının uğurla həyata keçirilməsində, Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsində, ölkəmizdə böyük idmançı ordusunun formalaşmasında, idmanın kütləviliyinin təmin edilməsində onun xüsusi xidmətləri olmuşdur. Dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilən Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi, ölkəmizdə Avropa, dünya çempionatlarının yüksək səviyyədə təşkili, beynəlxalq idman qurumları ilə əlaqələrin inkişafında Azad Rəhimov üzərinə düşən məsuliyyəti dərindən dərk edərək bilik və bacarığını əsirgəməmişdir.
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!”