7 May 2021 19:29
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirən 1 nəfərə “Xəzər-LX” markalı minik avtomobilləri təqdim edilib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə xüsusi qayğı ilə yanaşılır. Şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə xidmətlərin həcmi və keyfiyyəti ildən-ilə artırılır, onların müalicəsi üçün muxtar respublikada fəaliyyət göstərən reabilitasiya müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil və avtomobillərlə təmin olunurlar. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır" fikrini xatırladaraq deyib ki, xalqımızın vətənpərvərliyi özünü İkinci Qarabağ müharibəsində bir daha göstərdi. Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun gücü və Azərbaycan xalqının vətənpərvərliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün həmin torpaqlarda bərpa işləri həyata keçirilir.

"Vətənpərvərlik olan yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır", - deyən Ali Məclisin Sədri vurğulayıb ki, Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda 10 minlərlə könüllünün iştirakı və ordumuzla həmrəylik nümayiş etdirməsi bu birliyin nəticəsidir. Vətənpərvərlik nümunəsi göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirmiş insanlar isə hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Avtomobillərin təqdim olunması bu kateqoriyadan olan şəxslərin həyatına rahatlıq gətirəcəkdir. Dövlətin qayğısı və sizin vətənpərvərliyiniz gənclərimizə örnəkdir. Bu da onu göstərir ki, hər bir gənc, hər bir vətəndaş öz ölkəsinə xidmət etməli, vətənpərvər olmalıdır.

Ali Məclisin Sədri avtomobillə təmin olunanlara Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib, qarşıdan gələn 9 May Qələbə Günü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edib, avtomobillərin açarlarını təqdim edib.

Avtomobillə təmin olunanlar adından minnətdarlıq edən Naib Abbasov deyib: "Bu gün muxtar respublikada vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Naxçıvanda sosial qayğıya ehtiyacı olan vətəndaşların sosial məsələlərinin həlli daim diqqətdə saxlanılır, vaxtaşırı müalicələrimiz üçün hərtərəfli şərait yaradılır. Mən ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin və Ali Hərbi Məktəbin məzunu, Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən tarixi paradın iştirakçısıyam. Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığımı qismən itirsəm də, bu gün gördüklərim və yaşadıqlarım məni çox qürurlandırır. Ordumuzun qısa müddətdə torpaqlarımızı düşməndən azad etməsi, dövlətimiz tərəfindən müharibə iştirakçılarına göstərilən dəstək və qayğı ölkəmizdə olan dövlət-xalq-ordu birliyinin ifadəsidir".

Qurban Yolçuyev və Nadir Məmmədov ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyiblər ki, 2005 və 2019-cu illərdə mənzillə təmin olunmuşuq. Bu gün - bayramlar ərəfəsində avtomobillərin verilməsi isə bizə ikiqat sevinc hissi yaşatdı. Bütün bunlar dövlətimizin vətəndaşına göstərdiyi diqqətin təzahürüdür.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər