Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu noyabrın 1-3-ündə Beynəlxalq Cəzasızlıq gününün qeyd olunması və Əl-Cəzirə Media Şəbəkəsinin yaradılmasının 18-ci ili münasibəti ilə düzənlənən simpoziuma qatılıb.
BAMF-dan Teleqraf.com-a verilən məlumata görə, BMT-nin Baş Assambleyasının 2013-cü il dekabr ayında qəbul etdiyi qətnamə ilə Beynəlxalq Cəzasızlığa son beynəlxalq günü kimi qeyd edilməkdədir.
Beynəlxalq Cəzasızlığa Son beynəlxalq günü dünya ictimaiyyətinin, vətəndaş cəmiyyəti təşkilatlarının, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, qanunsuz həbslərə, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Son on ildə münaqişə ocaqlarında, öz peşə fəaliyyətini yerinə yetirərkən 700 nəfərdən çox jurnalist həlak olub. Bu cinayətlərin yalnız 5 faizi tədqiq edilmiş cinayətkarlar tapılaraq mühakimə olunub. Bununla yanaşı, minlərlə jurnalist itkin düşmüş, zorakılıqlara, qanunsuz təzyiqlərə məruz qalıblar. Əl Cəzirə Media Şəbəkəsinin İnsan Haqları və Media departamenti tərəfindən Dohada təşkil edilən bu tədbirdə də BMT Baş Assambleyasının qətnaməsi əsasında gələcək fəaliyyət mexanizmlərinin gücləndirilməsi, medianın vəziyyəti və jurnalistlərə qarşı risk hallarının azaldılması, təhlükəsiz fəaliyyətin təmin edilməsi ilə bağlı BMT-yə üzv dövlətlərin fəaliyyət perspektivlərinə dair İşçi Planını hazırlayıb Cenevrə İnsan Haqları İnstitutuna və BMT Baş Assambleyasının diqqətinə çatdırmaqdan ibarət olub. Tədbirdə, jurnalistlərin təhlükəsizliyi- çətinliklər və uğurlu təcrübələr, jurnalistlərin müdafiəsi və mətbuat azadlığı, media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə edilib.
Müzakirələr zamanı, qloballaşan dünyada jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib.
U.Rəhimoğlu beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasını qəbul edilən qərarlara etmadsızlıq yaratdığını ifadə edib. Bununla yanaşı, BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasında assosiativ əlaqələrin genişləndirilməsini uğurlu addım hesab etdiyini bildirib. Müzakirələr zamanı media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib qərarlar qəbul edilib.
Görüşdə UNESCO, İCRC, BMT İnsan haqları Təlim mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqlarının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və nüfuzlu media orqanlarının kapitanları iştirak edib. Günün sonunda Əl-Cəzirə Media Şəbəkəsinin 18-ci ildönümü münasibəti ilə beynəlxalq simpozium keçirilib. Simpoziumda Əl-Cəzirənin geniş fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər, Misirdə həbsdə olan jurnalistlərin azad edilməsi, jurnalistlərin və insan haqlarının müdafiəsi sahəsində tədbirlər planı, təhlükəsiz jurnalist konsepsiyası müzakirə olunub.
Görüşün sonunda U.Rəhimoğlu Əl-Cəzirə rəhbərliyi ilə görüşüb və BAMF-ın təbrik plaketini və qədim Bakını əks etdirən miniatür Azərbaycan xalçasını Əl-Cəzirə rəhbərliyinə hədiyyə edib. Əl-Cəzirənin icraçı direktoru Mustafa Souj Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanması, ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılması, Qarabağ münaqişəsinin işıqlandırılmasında maraqlı olduğunu bildirib.
Simpoziumun növbəti günündə U.Rəhimoğlu Misirdə media və insan haqlarının vəziyyətinə dair təşkil olunan qapalı müzakirələrə qatılıb. Səfər çərçivəsində U.Rəhimoğlu Afrikanın media qurumlarını özündə birləşdirən Media Təşəbbüsləri Forumunun direktoru Erik Çinje, UNESCO-nun ərəb ölkələrindəki direktoru xanım Anna Paolini, Beynəlxalq Əmək təşkilatının proqramlar üzrə meneceri Helena Harrof-Tavel, Mətbuat Emblemi Kompaniyasının BMT üzrə nümayəndəsi Gianfranko Fattorini, Bəhreynin Siyasi və Media münasibətləri institutunun nümayəndəsi doktor Ebrahim əl Şeyx və digər şəxslərlə səmərəli danışıqları olub. Bundan sonra o Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevlə görüşüb. Görüş zamanı Azərbaycanın tanıdılması və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları və institutları ilə birgə səylərin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
BƏXTİYAR