Kitab mağazasından oğurluq edən iki gəncin saxlanılması barədə məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onlar mağaza rəhbərliyinin şikayəti əsasında saxlanlıblar. Sosial şəbəkədə kimisi bu gənclərə dəstək olub, bəziləri isə onların davranışını qınayıb. Maraqlıdır, kitab oğurluğuna münasibət nədən birmənalı deyil?
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, hər bir oğurluq törədən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Kitabçının fikrincə, belə halların təkrarlanmaması üçün ictimai qınaq da vacibdir:
“Əgər oğurluq maliyyə baxımından az həcmlidirsə, onlar xəbərdarlıq edilərək buraxıla bilərlər. Həmin gənclər də saxlanılıb, sonra buraxılıblar. Bütün hallarda kitab oğurluğuna yaxşı baxmıram. Çünki neçə insanın zəhməti toplanan bir məhsul oğurlanır. Dükandan kitab oğurlanırsa, dükana ziyan dəymir. Onu nəşr edən naşirlərə, yazıçıya, tərcümə edən insana hörmətsizlik olunur.
Kitabdır deyə oğurlanmalıdırmı? İnsan acır, amma kiminsə çörəyini oğurlamır. Məsələn, biz dəfələrlə pulsuz kitablar vermişik, böyük endirimlərimiz olub. Hətta tələbələr mənə kitab üçün müraciət ediblər, mənim özümdən həbsxanalar, uzaq kəndlər kitab istəyiblər, göndərmişəm. Amma oğurluq etmək, düzgün deyil.
Polisin yaydığı məlumatı media tirajlayıb. Polis də, media da doğru edib. Mən anlamıram, niyə bu məsələdə fikir ayrılığı olmalıdır? Kiməsə böhtan atılmayıb, ortada fakt var. Gənclərdir, yanlışlıq ediblər. Mən onlarla yerində üzləşsəydim, başa salar və bir daha bu hərəkəti təkrar etməmələrini bildirərdim. Bütün hallarda belə məsələlər hüquqi qiymətini almalıdır”.
Millət vəkili Sabir Rüstəmxanlı da gənclərin bu addımını qınayıb: “Şəxsən dükanın sahibi olsam, kitabları onlara bağışlayardım, yəqin kitaba ehtiyacları olub. Oğurluq oğurluqdur. Bu, istər evdən, istər dükandan olsun. Kitabla başlayıb, başqa sahələrdə də oğurluq edə bilərlər. Oğurluq günahdır və cəzası var”.
Hüquqşunas İradə Cavadovanın fikrincə, gəncləri cərimələyərək cəzalandırmaq daha doğru olar: “Hesab edirəm ki, oğurluğun fərqi yoxdur. Amma imkanları olmayıbsa, kitabı oxumaq üçün oğurlayıblarsa, cərimə ilə məsələni bağlamaq mümkündür. Bu hadisə təbəssüm doğurur, indiki zamanda kitab oxuyan azdır. Cəmi 2 kitab oğurlanıb. Əgər 5-10 kitab olsaydı, satış məqsədilə olduğu düşünülərdi. Lakin yenə də buna haqq qazandırmıram”.