3 Noyabr 2014 15:08
445

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində aparılan işlərin nəticəsi olaraq, bu ilin ötən dövründə 340 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərdən 250 nəfəri ƏƏSMN-nin Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s. peşələr üzrə peşə təlimi keçiblər. Təlim müddətində onların dövlət hesabına yataqxana, yemək, kommunal və tibbi xidmətlə təminatı da həyata keçirilib. Kursları bitirən gənclərdən 100 nəfərinə peşə şəhadətnamələri, digərlərinə peşə kurslarını bitirmələri barədə arayışlar verilib.

Qeyd olunan şəxslərdən 90 nəfəri isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilib. Onların gözdən əlilliyi olan 60 nəfəri üçün brayl sistemi üzrə peşə təlimi aparılıb. Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin qısa müddətdə məşğulluqlarının təmin olunması istiqamətində müvafiq işlər görülüb.


Müəllif:
Загрузка...