2 İyul 2021 13:52
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Mülki Prosessual Məcəlləni, “Dövlət rüsumu haqqında” və İnzibati Prosessual Məcəlləsində dəyişiklikləri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ötən gün bu dəyişikliklərlə bağlı ictimai müzakirə təşkil edildiyini xatırladıb.

O deyib ki, nəticə etibarilə vəkilləri narahat edən məqamlarla bağlı qanunvericilik subyekti ilə razılıq əldə edilib: “Biz bu müzakirələri effektiv hesab edirik”.

Ə.Hüseynli bildirib ki, əsas narazılıq 174-cü maddə ilə bağlı olub: “Bu, cərimə sanksiyası ilə əlaqədardır və müəyyən iradlara səbəb olmuşdu. Ancaq cərimə sanksiyaları onsuz da mövcuddur. Razılığa əsasən 174.5-ci maddə yeni redaktədə verilir. “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və həllinə aşkar maneçilik yaradan, dəfələrlə əsassız vəsatət verən, işdə iştirak edən tərəflərə” ifadəsi salınır. Burada cərimə yalnız vəkillərə deyil, qarşı tərəfə də şamil oluna bilər”.

Əli Hüseynli əlavə edib ki, hakimlərin sayının artırılması da nəzərdə tutulur. O qeyd edib ki, müzakirəyə çıxarılan məhkəmə islahatları çərçivəsində ciddi sənəddir və hüquq ictimaiyyətini narahat edə biləcək məsələlər də həllini tapıb.

Komitə sədri Tahir Mirkişili cərimələrlə bağlı bəzi məqamları açıqlayıb.

Deputat Fazil Mustafa deyib ki, ötən gün hüquq ictimaiyyətinin qanun layihəsinin ictimai müzakirəsi əhəmiyyətli olub: “Əslində biz Milli Məclis olaraq kənar qurum kimi iştirak edirdik. Bu, qurucu yanaşma idi. İclasda o qədər qiymətli fikirlər səsləndi. Çıxışçıların hamısının istinad etdiyi sənəd prezidentin fərmanı idi. Əlbəttə, maraqlar prinsipi əsasında islahatlar aparmaq doğru deyil. Millət vəkillərinin, savadlı hüquqşünasların imkanlarından istifadə edilməlidir. Dünənki ictimai müzakirədən sonra bir-iki maddənin dəyişdirilməsi o qədər də böyük irəliləyiş deyil. Biz müəyyənlik üzərində dayanmalıyıq”.

Deputat Fəzail Ağamalı isə bildirib ki, qanunlar hazırlanarkən Milli Məclisin müvafiq komitələrinin üzvləri prosesə cəlb edilməlidir.

Onun fikrincə, bu halda qanun layihələri parlamentdə narazılığa səbəb ola bilməz.

Etibar Əliyev deyib ki, məhkəmələri gücləndirmək üçün vəkillik institutu gücləndirilməlidir: “Mən iki gün Mülki Prosessual Məcəllədə 360-dan çox maddədə təklid edilən dəyişikliklərlə tanış oldum. Bunlar vacibdir və süzgəcdən keçirilməlidir. Əsas fəlsəfə birinci instansiya məhkəmələrinin işlərinin yaxşılaşdırılmasına kömək edir”.

Deputat əlavə edib ki, on minlərlə mülki iddialar məhkəmələrə daxil olur: “ Vəsatətlə bağlı cərimələr tətbiq edilərsə, bu işlərə necə sürətli baxmaq olar? Əlbəttə, yaxşı normalar da var. Bu əhəmiyyətli dəyişikliklər sayıla bilər”.

Komitə sədri Siyavuş Novruzov deyib ki, layihəyəyə səs verəcək: “Məhkəmə-hüquq sistemində islahatlar gedir. Məhkəmələrin sayı artırılmalıdır, amma işə baxılmaya da diqqət edilməli, keyfiyyət qaldırılmalıdır. Davranış qaydaları da var. Qeyd edilir ki, məhkəmə hansısa struktura müraciət edəndə və vaxtında sənədi almayanda həmin strukturu cərimə edə bilər. Bəs məhkəmənin özü sənədləri lazım verməyəndə hansı cəriməyə məruz qalır? Biz bilirik ki, bəzən sənədləri gecikdirirlər ki, vətəndaş ikinci instansiyaya müraciət etməsin.

İkincisi, düzgün qərarın çıxarılmaması məsələsi də var. Buna da diqqət etməliyik. Bəli, Məhkəmə-Hüquq Şurası buna baxır. Biz Avropa Məhkəməsinə gedən şikayətlərə baxırıq. Orada Azərbaycanı hansısa işə görə deyil, yanlış qərar və ya prosedurların pozulması ilə əlaqəlidir. Əslində məhkəmə insanların haqlarını müdafiə etməlidir. Ancaq biz bu gün qəbul etdiyimiz qanunla məhkəmənin hüquqlarını müdafiə edirik”.

Sonda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər