Dünyada ən çox istifadə olunan sosial media tətbiqetmələrindən biri olan “WhatsApp” 15 may-15 iyun tarixləri arasında Hindistanda yüksək və anormal sayda mesaj göndərən 2 milyondan çox hesabı bloklayıb.
Teleqraf.com xəbər verir ki, şirkət əsas məqsədin Hindistanda zərərli və ya spam mesajları toplu halda göndərən hesabları bloklamaq olduğunu bildirib.
Hindistanda təxminən 400 milyon istifadəçisi olan “WhatsApp” üçün bu, ölkə ən böyük bazarlardan biridir.
İnkişaf etmiş süni zəka texnologiyasına sahib “WhatsApp” dünyada hər ay təxminən səkkiz milyon hesaba qadağa qoyur.
Qeyd edək ki, “Whatsapp” Hindistanda dezinformasiya və saxta xəbərlərin yayıldığı platforma olaraq müzakirə mərkəzindədir. Saxta xəbərlər və saxtakarlıqlar bir neçə saat ərzində on minlərlə istifadəçiyə çatır. Bu şəkildə yayılan mesajlar və videolar keçmişdə şiddətə və hətta ölümlərə səbəb olub.
“WhatsApp” istifadəçi şikayətlərinə cavab verməklə yanaşı, sui-istifadə hallarının qarşısını almaq üçün öz vasitələrini də dövriyyəyə buraxıb.
Hindistanda may ayında tətbiq olunmağa başlanan yeni texnologiya qanunu sosial media və video izləmə platformalarındakı məzmunu tənzimləyir. Qanun ifadə azadlığı və istifadəçinin məxfiliyi sahəsində mübahisələrə səbəb olub.
Müxaliflər qanunun hüquq-mühafizə orqanlarına internetdən genişmiqyaslı məzmunu silmək səlahiyyətinin verilməsindən şikayətçidirlər. Hökumət isə bu qaydaların onlayn təzyiq və dezinformasiyanın qarşısını almağa yönəldiyini iddia edir.