18 İyul 2021 19:39
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Qeyd edim ki, bu il olimpiadanın rayon (şəhər) mərhələsində 28 828 şagird iştirak edib. Onlardan 16 116 nəfəri (56 faiz) qız, 12 712 nəfəri (44 faizi) isə oğlan olub. Olimpiadanın nəticələrinə əsasən, 155 nəfər bürünc, 116 nəfər gümüş, 56 nəfər qızıl medal olmaqla, ümumilikdə 327 nəfər qalib elan edilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. Olimpiada qalibləri birbaşa ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib.

Deputat sevindirici hal kimi qaliblər sırasında Qarabağda yerləşən orta məktəblərdə təhsil alan məktəblilərinin olmasını qeyd edib: "Ötən il Vətən müharibəsi zamanı Füzuli rayonu daxil olmaqla Qarabağda yerləşən bir sıra məktəblərdə tədrisdə fasilələr var idi. Amma bütün bunlara rəğmən, gənc vətəndaşlarımız təhsillərini yüksək səviyyədə davam etdirdi və respublika üzrə qaliblər sırasında da təmsil oluna bildilər. Bu da onların əzimkarlığı və vətən üçün gələcəkdə verəcəkləri töhvlərin göstəricisidir.

Emin Əmrullayevin rəhbərliyi ilə Təhsil Nazirliyinin olimpiadanın şəffaf keçirilməsi ilə bağlı fəaliyyəti də təqdirəlayiqdir. Bu özünü gənclərin biliyini qiymətləndirən münsiflər heyəti ilə bağlı seçimdə də göstərirdi. Mərasimdə istedadlı gənclərimizin bir qisminə qızıl medalları təqdim etmək qürurverici idi. Əminəm ki, o gənclər Azərbaycanın gələcək inkişafına öz xüsusi töhvələrini verəcəklər. Bütün qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər