Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.