Çox təəssüf ki, son günlər COVID-19 virusuna yoluxma sayında yenidən artım müşahidə edilir. O cümlədən, ölüm hallarının sayı da artmaqdadır. Bu da cəmiyyət üçün yeni bir mərhələdir. Çünki COVID-19 ilə yeni tanış olduqda təcrübə toplayıb, xeyli nəticələr əldə etdik. Ona görə də Operativ Qərargah bir çox sahələr üzrə yumşaldılma tədbirləri həyata keçirdi. İnsanlar isə bu yumşalmaların həyata keçirilməsini COVID-19-un başa çatması kimi qəbul etdilər. Qüvvədə olan məhdudiyyətlərə əməl etməkdən yayındılar. Bunun nəticəsində də COVID-19 infeksiyasına yoluxmalar yenidən artmağa başladı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, insanlar ilk növbədə müəyyən edilmiş normalara əməl etməlidirlər:
"Qapalı məkanlarda tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə olunması hər zaman qüvvədədir. Nə qədər ki, COVID-19 bizimlə yaşayacaq, biz bunları hər zaman gözləməliyik. Digər tərəfdən isə peyvənd olunmayan şəxslər təcili şəkildə addım atmalı və vaksin olunmalıdırlar. Koronavirusa qarşı mübarizənin ən düzgün yolu vaksinasiyadır. Bunu mütəxəssislər də dəfələrlə bildirib. Düşünürəm ki, bu, belə də olmalıdır. Bu gün ölkəmizdə vaksinasiyanın səviyyəsi sürətlə aparılır. Azərbaycan demək olar ki, bu baxımdan region ölkələri arasında liderdir. Amma bu kifayət etmir, vaksinasiyanı artırmalıyıq. Nə qədər çox insan peyvənd olunsa, COVID-19-a yoluxma halları, yeni yaranan ştammlara yoluxma sayı azalacaq".
Millət vəkili qeyd edib ki, peyvənd bizi yüz faiz virusdan qorumur:
"Vaksinasiya olunan şəxslər virusa yoluxa bilər. Lakin onlar xəstəliyi ağır keçirmirlər, ölüm halları demək olar ki, qeydə alınmır. Buna görə də bütün peyvənd olunmayan şəxslər peyvəndlənməlidir. Bu işi təbliğ etməliyik ki, hər kəs vaksin olunsun. Yalnız bu halda virus təhlükəsi minimuma düşəcək".