14 Avqust 2021 08:05
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əhali arasında virus əleyhinə vaksinasiya olunma səviyyəsinin monitorinqi ilə bağlı yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə, mənzillərdə reydlər keçirir, vətəndaşlarla maarifləndirmə işləri apararaq onlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər