Ailəmizdə hər kəs vaksin olunub, yəni özümüzə rəva bilmədiyimi sizə də tövsiyə etmərəm. Virusun növbəti dalğası başlayıb, xəstəxanalar yenə də dolur, evdə müalicə alanların sayı durmadan artır, getdikcə dərman çatışmazlığı müşahidə olunur. Hazırkı şəraiti yaradan səbəblər, yaşadan motivlər hər kəsə bəllidir, bununla bağlı əvvəlcədən də xəbərdarlıq etmişdik, bu gözlənilən idi. Artıq bundan sonranı düşünmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.
O bildirib ki, vaksinlər yüz faiz effekt verməsə də, xaricdə aparılmış emprik tədqiqatlar göstərir ki, vaksin olunanlar arasında ölüm riski və xəstəliyin ağırlıq dərəcəsi xeyli aşağıdır:
“Mən qapanmanın tərəfdarı deyiləm, amma hazırkı situasiyada hər kəsi tez bir müddətdə vaksin olunmağa, açıq havada görüşlərə üstünlük verməyə, görüşəndə öpüşməməyə, bir-birinizə toxunmamağa, növbələrdə ara məsafəsi saxlamağa, təmasa girməməyə, qapalı yerlərdə maska taxmağa çağırıram. Mənim çağırışımı anlayışla qarşılayacağınıza və ona əməl edəcəyinizə əminliklə əvvəlcədən təşəkkürümü bildirirəm”.
O bildirib ki, bu müraciətə ictimai fikirə təsir etmək gücündə olan hər qoşulmalıdır: “Lütfən öz sağlamlığınıza, ailənizin sağlamlığına biganə qalmayın”.