Tarix boyu ermənilər Azərbaycan xalqının başına bir çox faciə və müsibətlər gətirib. Belə hadisələrdən biri də 28 il öncə - 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunda baş verib. Həmin hadisə zamanı Ermənistan silahlı qüvvələri Ordumuzun Daşbaşı postuna qəfil hücum edərək 23 əsgərimizi vəhşicəsinə qətlə yetirib.
Bunu Teleqraf.com-a Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı: “Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri koordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbiristanlıq" postunda isə zenitçilər mövqedə durmuşdular”.
Cəbrayıllı millət vəkili söyləyib ki, ümumilikdə Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı: “Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı. Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini qətlə yetirdi, onların meyitləri tanınmaz hala salınmışdı.
Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyuldu”.
Ceyhun Məmmədov hesab edir ki, Daşbaşı hadisəsi Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanır: “Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”