19 Avqust 2021 13:04
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkəmizdə, eləcə də dünyada pandemiya təhlükəsi davam edir. Ötən gün Azərbaycanda rekord dərəcədə ölüm və yoluxma halları qeydə alınıb. Aşura günü də belə bir dövrə təsadüf edir. Ötən ildən fərqli olaraq məscidlərimiz açıqdır, amma məscidlərdə də müəyyən qaydalar tətbiq olunur. Vətəndaşlara tövsiyə edirəm ki, qaydalara əməl etsinlər. Ümumi təcrübə göstərir ki, virusa yoluxma insanların daha çox sıx təmasda olduqları yerdə müşahidə olunur. Yəni yoluxmalar daha çox yas və toy mərasimləri, eləcə də insanların kütləvi toplaşdıqları yerdə sürətlə baş verir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar məscidlərə gedənlər müvafiq qaydalara riayət etməlidirlər:

“Hamı nəzərə alsın ki, bu, müvəqqəti çətinlikdir. Dinimiz də insanların sağlamlığına böyük önəm verir. Ona görə vətəndaşlarımız çalışmalıdırlar ki, kütləvi mərasimlərin icrasında diqqətli olsunlar. Şərt deyil ki, hamı məscidə getsin. Evlərdə də insanlar bunu qeyd edə bilərlər. Ancaq hər şeydən öncə insan sağlamlığıdır. Sağlam ruh, sağlam mənəviyyat sağlam bədəndə olur”.

Millət vəkili vətəndaşları pandemiya davranışlarında diqqətli olmağa çağırıb: “Məscidlərdə dini ayin və mərasimlərin kütləvi icrası üçün konkret rəqəmlər müəyyənləşdirilir. Bu say əllini keçməməlidir. Hər il Aşura mərasimlərində elə məscidlər var ki, iki min, üç min, beş min, yeddi min insanın ora toplaşdığına şahid oluruq. Bu ayin və mərasimlərin evlərdə keçsinlər, kütləvi şəkildə mərasimlərin icrasına çalışmasınlar.

İndi məscidlərimizdə bu ayin məhdud sayda keçiriləcək. Amma hamı məscidə gəlsə, minlərlə insan bir araya yığışsa yoluxmaların sayındakı ciddi artım müşahidə edəciyik. Bunun baş verməməsi üçün hamı çalışmalı, hamı səy göstərməlidir. İnanırıq ki, vətəndaşlarımız bu tövsiyələrə əməl edəcklər. İnsanlar nə qədər qaydalara riayət etsələr,yoluxma bir o qədər az olar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər