10 Sentyabr 2021 15:03
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə müxalifətçilik edəndə, məgər elə erməni kimi düşünmək lazımdır? Sanki trend budur ki, ölkənin həyatında nə işıqlı iş olursa-olsun, onu görməzdən gəlmək lazımdır. Mühacirət müxalifətinin dilindən Füzuli aeroportunun açılışına sevinən və bunu təqdir edən, müsbət analitik çıxış, ya məqalə gördünüzmü? Görmədiz. Bunu görməyəcəyik də. Necə ki 44 günlük müharibənin nəticəsi yerə vurulmağa çalışıldı, heç bir uğurlu işdən danışmayacaqlar.

Almaniyanın siyasi sistemində böyük rol oynayan Bismark hesab edirdi ki, müxalifətin həmişə deyəcəyi naşükürlük anlayışına səbrlə yanaşmaq lazımdır. İndiki dövrlə eyniləşdirsək, məsələn, Şuşanı işğaldan azad etdiksə, sabah sual veriləcək ki, bəs Xankəndi necə oldu? Xankəndinin idarəçiliyi tamamilə Azərbaycan tərəfinin əlində olanda, sual veriləcək ki, bəs Zəngəzur, ya İrəvan necə oldu? Hətta "Antarktida necə oldu" sualı veriləndə də kimsə təəccüblənməsin. Yəni, belə suallar bitib-tükənməyəcək. Və hər zaman Bismarkın söylədiyi səbr nümayiş etdirilir. Çünki radikal fikirlərin işin xeyrinə olmadığını çoxdan anlamışıq.

Əgər Azərbaycan tərəfi istər daxili, istərsə də mühacirət müxalifətinin qızışdırıcılıq fikirləri ilə addım atsaydı, münaqişənin həll olunmamasını istəyən xarici ölkə və qurumların təzyiqi ilə üzləşəcək, planlı iş yarımçıq qalacaqdı. Siyasət səbr və möhkəm iradə tələb edir. Biz 28 il səbrin gücünə o torpaqları işğaldan azad etdik.

Yaxınlarda Zəngilanın kəndinə qaçqınlar köçùrüləcək. Bundan sevincli nə ola bilər. Ağdamda quruculuq işləri daha da sürətlənib. Daha yeni aeroportların inşasının başa çatmasını görəcəyik. Azərbaycan tərəfi 4 il yarım ərzində bu işləri görüb qurtarmağa çalışır ki, 10 noyabr (2020) bəyanatındakı əsas nüansın həllinə keçsin, daha bir siyasi iradə nümayiş etdirsin. Azərbaycan niyə aeroportların sayını artırır? Çünki plan uzaqmənzillidir. Əsrlərlə burda yenidən o qara illərin təkrarlanmasını istəmir. Bitirmək istəyir yeni düşmən cəhdlərini, ermənilərin beynindən silməyəçalışır ki, başqa fikrə düşməsinlər.

Azərbaycan milyonlar, milyardlar xərcləyib yeni silahları ona görə alır ki, düşmən hər an dişini qıcaya bilər. Belə olan surətdə dəstək vermək əvəzinə, Rusiyanın hansısa saytında "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin yazılması qədər amöb boyda qara bayrağı əldə əsas tutub müxalifətçilik etmək bu qədər yaxşı işin qarşılığında məntiqlidirmi? Məntiqli deyil. Nə baş verdi? Saytdan o ifadə çıxarıldı. İndi neyləyək ki, Rusiyanın erməni maqnatına işləyən hansısa saytı hərdən belə təxribat edib aranı qarışdırır.

28 il keçirilən "Dağlıq Qarabağın müstəqillik günü" adlanan qondarma tədbirdən əvvəl hay-küy salındı. Nə baş verdi? Nə Ermənistan rəhbərliyindən, nə xaricdəki erməni diasporasının nümayəndələrindən o qondarma tədbirdə işrltirak edən olmadı. Hər şey beləcə səngiyəcək və Azərbaycan səbrlə, nizamlı şəkildə istədiyinə çatacaq. Yetər ki, hay-küy bayrağı ələ alınmasın və hər işdə qara axtarılmasın.


Müəllif: Azər Qismət

Oxşar xəbərlər