Ötən gün sosial şəbəkədə müəllimlərin repetitorluq gəlirinin 20 faizini vergi olaraq ödəyəcəyi ilə bağlı xəbərlər yayılıb. Maraqlıdır, repetitor vergi ödəməlidirmi? Onun gəliri necə hesablanır?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir, bu baxımdan repetitorların vergi ödəməsi tamamilə qanunidir.
Ekspertin sözlərinə görə, repetitorların vergi ödəməsi prosesinə 2020-ci ilin aprel ayında başlanılıb: “Pandemiya dövründə azad hərəkət etmək üçün portaldan icazə almaq lazım idi və buna görə repetitorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idlər.
Azərbaycanda repetitorluq fəaliyyəti, hazırlıq kursları 1990-cı illərdə test üsulunun tətbiqindən sonra geniş yayılmağa başlayıb. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər”.
Kamran Əsədov bildirib ki, hazırda Bakı şəhərində repititorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlaşdırırlar: “Hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər var. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repititor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır. Müşahidələr göstərir ki, onlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar. Bu sahəyə demək olar ki, nəzarər toxdur. Kim istəsə bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə.
Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiqi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin təmsil olunduğu bir komissiya yaradıb repetitor xidməti göstərənlər yoxlanmalı və onlara fəaliyyət icazəsi verilməlidir.
Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq setifkatı verilir. Yalnız sənədləri qaydasında olanlar bu icazəni ala bilərlər. Düşünürəm ki, bunu repetitor və hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır”.
Təhsil eksperti qeyd edib ki, repetitor fəaliyyətindən gəlir əldə edən şəxs hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəməlidir: “Çoxları deyir ki, müəllim bütün ili repetitor kimi məşğul olmur, aylar üzrə müxtəlif xidmət haqqı alır, bir çox şagirdi pulsuz hazırlaşdırır.
Repetitorun vergi ödəmək qaydası var. VÖEN alıb rüb ərzində gəlir əldə etdiyi məbləğin rayonlarda 2, Bakıda 4 faizini vergi ödəməlidir. Misal üçün bir ay 500, o biri ay 400, 3-cü ay 800 manatgəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2, yaxud 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə vergi bəyənnamənizi 0-la verə bilərsiniz.
Müəllimlər yanlış olaraq narhatdırlar. Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir”.