Erasmus Mundus – təhsil, təlim, gənclər və idman
Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələrini qəbul edib.
Qeyd edək ki, Erasmus+ (və ya Erasmus plus) Avropa Birliyinin (AB) təhsil, təlim, gənclər və idman ilə bağlı bütün layihələrini özündə birləşdirən yeni proqramdır. Bu təşəbbüsün bir hissəsi olan Erasmus Mundus Avropa və digər bölgələrdən olan tələbələrin qarşılıqlı mübadiləsi üçün yaradılıb və AB tərəfindən maliyyələşdirilir. Bu layihələrin hər birində müxtəlif Avropa Universitetləri, eləcə də “üçüncü ölkələr” kimi tanınan dövlətlər (Xəzər dənizi ölkələri, Qara dəniz hövzəsi ölkələri və s.) təmsil olunur. Hər bir layihədə iştirak edən universitetlərdən ibarət konsorsium yaradılır. Üçüncü ölkələrdən olan ərizəçilər iki müxtəlif Avropa universitetinə qəbul üçün müraciət edə bilərlər. Bakalavr, magistr, doktorant və akademik-administrativ heyət bu layihədən yararlana bilər.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, universitetin beynəlxalq əlaqələrindən danışan rektor Səməd Seyidov ADU-nun Avropa universitetləri ilə əlaqələrindən və layihələrdə iştirakından söz açıb. ADU-nun TEMPUS proqramı üzrə iki dəfə layihənin koordinatoru olduğunu vurğulayan rektor universitetlərarası əlaqələrin yaradılmasının vacibliyindən danışıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür edərək ADU-da olmaqdan məmnun olduqlarını dilə gətiriblər, təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat veriblər. Qonaqlar ADU-da tələbələrin müxtəlif dillərdə yüksək səviyyəli danışıq qabiliyyətinin şahidi olduqlarını məmnunluqla bildirdilər.
Görüşdən sonra Erasmus Mundus layihəsinin yeni çağırışının başlanması ilə əlaqədar Hermes/Ember proqramının xarici nümayəndələri tərəfindən tələbələrə təqdimat keçirildi. İspaniyanın Sevilya Universitetinin, Yunanıstanın Afina Universitetinin, Gürcüstanın Tbilisi Dövlət Universitetinin, Almaniyanın Viadrina Universitetinin, Bolqarıstanın Sofia Universitetinin alimləri Erasmus Mundus layihəsinin tarixi, bu layihədə yer alan Hermes və Ember proqramları haqqında məlumat veriblər.
Azərbaycan Dillər Universiteti Erasmus Mundus layihəsinə 2010-cu ildə Alrakis I layihəsi ilə qoşulub. Hazırda Azərbaycan Dillər Universiteti Erasmusun dörd layihəsinin – Alrakis II, Backis, Ember və Hermes-in iştirakçısıdır.
Alrakis I proqramı üzrə 2010-2011-ci illərdə 14 tələbə, magistr və 2 doktorant universitet əməkdaşı Almaniya, Avstriya, İspaniya, Belçika və Estoniya ölkələrinə göndərilmişdir, 2012-2013-cü illərdə 4 tələbə İtaliya universitetinə daxil olmuş və universitetin 1 əməkdaşı İspaniya Universitetinə göndərilib.
Alrakis II proqramı üzrə 2013-2014-cü illərdə 9 bakalavr tələbə Avstriya, Almaniya, İtaliya, Çexiya, Hollandiya, 1 magistr tələbə və 1 doktorant tələbə Belçikaya göndərilib, 2014-2015-ci illərdə isə 1 bakalavr tələbə Çexiyanın Masaryk Universitetinə, 4 magistr tələbə Fransa, Çexiya, İspaniya universitetlərinə daxil olub.
Backis proqramı üzrə 2013-2014-cü illərdə 4 bakalavr tələbə, 1 magistr tələbə və 1 universitet əməkdaşı Belçika, Hollandiya, Çexiya və Estoniyaya göndərilib, 2014-2015-ci illərdə 8 bakalavr tələbə və 3 magistr tələbə Polşa, Estoniya və İspaniya universitetlərinə daxil olub.
Ember proqramı üzrə 2014-2015-ci illərdə 7 bakalavr tələbə, 2 magistr və 1 doktorant tələbə Almaniya, İsveç, Estoniya və İspaniyaya göndərilib.
Hermes proqramı üzrə 2014-2015-ci illərdə 2 bakalavr tələbə Bolqarıstan və Yunanıstana göndərilib.
NİGAR