25 Sentyabr 2021 10:35
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərə qədər azərbaycanlı tələbələrin xaricdə ali dini təhsil almasına rəsmi səviyyədə dəstək verilirdi. Azərbaycanlılar əsasən İraqın Nəcəf, İranın Qum, Məşhəd, Suriyanın Dəməşq, Misirin Ələzhər, Səudiyyə Ərəbistanının Mədinə şəhərlərində yerləşən dini mərkəzlərə üz tuturdu. Bu tendensiya Azərbaycanda qanunvericilik dəyişdirilənə qədər davam etdi.

Ölkəmizdə xaricdə dini təhsilin qarşısını alan konkret qanunvericilik olmasa da, bu şəxslərin işlə təmin olunmasında müəyyən məhdudiyyətlər var. Qanunla tənzimlənən qaydalara əsasən, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Azərbaycanın özünəməxsus dini bazası yeni-yeni formalaşır. Ölkədə 1989-cu ildə fəaliyyətə başlayan Bakı İslam Universiteti (BİU) 2018-ci ildə bağlandı. Təxminən 29 il fəaliyyət göstərən universitetin diplomları bu gün tanınmır. Rəsmi qurumlar bunu universitetin 21 il lisenziyasız fəaliyyət göstərməsi ilə əlaqələndirir.

Artıq 3 ildir ki, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) fəaliyyətə başlayıb. Buna baxmayaraq xaricdə dini təhsil almaq məsələsi hələ də aktualdır. Təcrübə göstərir ki, əksər hallarda bu şəxslər özlərini doğrultmurlar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov Teleqraf.com-a bildirib ki, xaricdə dini təhsili qadağan edən xüsusi qanun yoxdur.

O, təcrübəsinə əsasən deyir ki, xaricə gedib-gələn tələbələr əksər hallarda zərərli təsirlərə məruz qalırlar: “Həmin tələbələr təhsil aldıqları ölkələrin ideologiyasının təbliğatçısına çevrilirlər. Hazırda bu prosesə ciddi nəzarət var. Xaricdə təhsil almaq dövlət qurumları ilə razılaşdırılmalıdır. Mövcud qaydalara əsasən, tələbə xüsusilə dini təhsillə bağlı xaricə gedirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) və digər aidiyyəti qurumları məlumatlandırmalıdır.

Əvvəllər ölkəmizdə sırf dini təhsil verən dövlət müəssisəsi yox idi. Vətəndaşlarımız ölkədə bu təhsili almaq istəsələr də, onlara tədrisin ödənişli olduğunu bildirirdilər. Məsələn, fəaliyyətini dayandıran Bakı İslam Universitetində illik təhsil haqqı nisbətən yüksək idi.

Amma bu gün ölkəmizin dini təhsil verən Azərbaycanın İlahiyyat İnstitutunda tam ödənişsiz təhsil sistemi mövcuddur. Burada tələbələrin yemək, geyim, tədrisi kimi bir sıra xərcləri dövlət tərəfindən ödənilir. Bunun da yaranmasının müəyyən səbəbləri oldu ki, biz xaricdə yox, öz ölkəmizdə təhsili təşkil edək və öz milli kadrlarımızı yetişdirək”.

Son illər bu sahəyə nəzarətin təmin olunduğunu deyən deputatın sözlərinə görə, əvvəlki illərlə müqayisədə xaricdə dini təhsil alanların sayında ciddi azalma var: “Əvvəlki dövrləri təhlil edəndə görürük ki, azərbaycanlılar ən çox İranda, Türkiyədə, Misirdə, Suriyada, Səudiyyə Ərəbistanında dini təhsil alıblar. Az sayda İordaniya və bəzi ərəb ölkələrində, o cümlədən Dağıstanın dini mədrəsələrində təhsil alanlar var idi. Müxtəlif zamanlarda İranda və Suriyada bizim 500-ə yaxın tələbəmiz təhsil alırdı.Suriyadakı münaqişələrdən sonra bura gedən tələbələrin sayında kəskin azalma müşahidə edildi. Bir sıra hallarda bu tələbələr qeyri-qanuni yolla getdiyi üçün onların konkret sayın dəqiqləşdirilməsində müəyyən çətinliklər olur.

Azərbaycan hökumətinin danışıqlarına əsasən, artıq bir sıra dövlətlər bu məsləyə həssas yanaşırlar. İndi ölkəmizdə dini təhsil verən dövlət müəssisə yaradılıb, ciddi maarifləndirmə işləri həyata keçirilir, eyni zamanda bu prosesə dövlət tərəfindən nəzarət təmin olunub. Demək olar ki, bu gün xaricdə dini təhsil alanların sayı o qədər də çox deyil”.

Müsahibimizin qənaətincə, xaricdə dini təhsillə bağlı məhdudiyyətlə yanaşı bəzi istisnalar da olmalıdır: “Bəzi sahələr üzrə, məsələn, doktorluq, təcrübə mübadiləsi araşdırılaraq bir variant kimi xaricdə təhsil məsələsinə baxıla bilər. Amma ümumilikdə hesab edirəm ki, mexanizmlər düşünüb bunu maksimum məhdudlaşdırmaq lazımdır. Çünki artıq ölkəmizdə belə bir təhsil verən müəssisə var. Digər tərəfdən, zərərli təsirlərdən özümüzü qorumalıyıq”.

Xaricdə dini təhsili cəlbedici edən səbəblərə gəlincə, Ceyhun Məmmədov qeyd edib ki, burada hər bir şəxsin mənsub olduğu dini məzhəb birmənalı olaraq öz rolunu oynayır: “Tutaq ki, Azərbaycanda özlərini sələfi adlandıranlar düşünürlər ki, bu təhsili almaq üçün uyğun ölkə Səudiyyə Ərəbistanıdır. Dünya görüşündə əsasən şiəliyin üstünlük təşkil etdiyi insanlar isə əsasən İrana üz tuturlar. Yəni məktəblərin seçilməsində məzhəb, şəriət amili, şəxsin hansı dini baxışa, təlimə tabe olması öz rolunu göstərir. Hesab edirəm ki, ən uyğun variant ölkəmizdə ali dini təhsil almaqdır”.

Xaricdə dini təhsil alıb ölkəyə qayıdan dindarların diplomlarının tanınmasına gəlincə, deputat bu məsələ ilə bağlı çox ciddi problemlərin olduğunu deyib: “Hazırda xaricdə dini təhsil alan tələbələrin çoxu Azərbaycana döndükdən sonra öz diplomlarını təsdiqlədə bilmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Yəni həmin təhsil müəssisəsinin qeydiyyatı, yaxud fəaliyyəti bu məsələlərdə öz sözünü deyir. Əksər hallarda bu şəxslərin diplomları dövlət tərəfindən tanınmır və onlar növbəti mərhələdə ciddi problemlərlə üzləşirlər”.

Bizi narahat edən məqamlar...

Komitə üzvü hər bir ölkənin dinə özünəməxsus yanaşma tərzinin olduğunu vurğulayıb: “Tutaq ki, şəxs İranda təhsil alırsa, orada fərqli bir yanaşma var. Əgər tələbə Səudiyyə Ərəbistanında təhsil alırsa, orada başqa ideologiyanın təsiri altında olur.

Təcrübə göstərir ki, xaricdə dini təhsil alan şəxslər Azərbaycana döndükdən sonra həmin ölkənin dinin ideologiyasını, dinə baxışını, bəzən də dinə gətirdikləri milli adət-ənənələri təbliğ etməyə çalışır. Reallıq ondan ibarətdir ki, bəzi hallarda bu təsirləri müşahidə edirik. Təriqətçilik, məzhəbçiliklə bağlı zərərli təsirləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın dinə, İslama yanaşması fərqlidir.

Tarixən formalaşmış ənənəmiz var, ona görə də özümüzdə bu təhsili almaq məqsədəuyğundur. Son nəticədə tələbələrimiz bu kimi zərərlərə məruz qalmazlar”.

İş təminatı

Ceyhun Məmmədov deyir ki, xaricdə ali dini təhsil alanların Azərbaycanda işlə təmin olunması “Dini etiqad azadlığı haqqında” qanunla tənzimlənir: “Qanuna əsasən, bu vətəndaşlar istədikləri yerdə işləyə bilmirlər. Bu, həm diplomların tanınması ilə, həm də xaricdə oxuyan tələbələrin din sahəsində çalışmasına tətbiq olunan məhdudiyyətlərə bağlıdır. Onlar rəsmi olaraq heç bir qurumda işləyə bilmirlər.

Qanunda qeyd olunub ki, şəxs zərərli dini baxışa malik deyilsə, diplomu tanınırsa, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı razılıq veribsə, müəyyən razılaşma ilə işlə təmin oluna bilər. Belə insanların sayı çox deyil. Amma tələbələrimiz bu reallıqları nəzərə almalıdırlar”.

Dini təhsilin mövcud vəziyyəti və hədəflər...

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Teleqraf.com-a açıqlamasında bildirib ki, Aİİ yarandığı gündən ali dini təhsil sahəsində savadlı, dini və dünyəvi elmlərə yiyələnən, eyni zamanda, milli şüura sahib olan tələbələrin yetişdirilməsi üçün ciddi-cəhdlə səy göstərir:

“Tədris proqramını qurmağa başladığımız ilk gündən dünyanın bir çox ölkəsində mövcud qabaqcıl nümunələrə diqqət yetirdik. Onlardan faydalanaraq və Azərbaycan reallıqlarını nəzərə alaraq təhsil proqramı hazırladıq. İnstitutda təhsil proqramı dünya səviyyəlidir və bu təhsil proqramına əsasən öz tədrisimizi həyata keçirdik.

Aİİ-də bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil mövcuddur. Bakalavriat səviyyəsi üzrə islamşünaslıq və dinşünaslıq istiqamətləri var. “Dinşünaslıq” ixtisasında İslam dini ilə yanaşı, digər böyük dünya dinlərini tədris edirik. Həmçinin “din elmləri” dediyimiz, yəni təkcə müəyyən bir dini deyil, ümumilikdə bütün dinləri öyrənən elmləri də tədris olunur. Burada din sosiologiyası, din psixologiyası, din fəlsəfəsi kimi fənləri nümunə göstərə bilərəm.

“İslamşünaslıq” ixtisasında isə əsas məqsədimiz İslam dinini dərindən yiyələnən kadrlar hazırlamaqdır. Elə kadrlar ki, onlar gələcəkdə din xadimi kimi fəaliyyət göstərə bilsinlər. Tədris zamanı tələbələrə klassik İslam elmləri öyrədilir. Qurani-Kərim, fiqh, hədis, təfsir, kəlam və digər İslam elmləri səhih mənbələrə əsasən tədris olunur”.

Rektor qeyd edib ki, fənlər tədris edilərkən hansısa bir məzhəb əsas götürülmür: “İslamda mövcud olan bütün məktəblərin fikirlərini tələbələrə çatdırırıq. Tədris zamanı dərslər normativ deyil, təsviri üsulla keçirilir. Bu baxımdan deyərdim ki, Aİİ dünyadakı nadir, mütərəqqi nümunələrdəndir. Dünyanın bir çox ölkəsində dini təhsil onların öz reallıqlarına uyğun keçirilir.

Əgər ölkə bir konfessiyalı və ya tək məzhəblidirsə, o zaman tədris də həmin məzhəbin və ya konfessiyanın görüşlərinə əsaslanır. Digərləri haqqında məlumat ya ümumiyyətlə verilmir, ya da verildiyi zaman bu subyektiv fikirlərin önə çıxdığının şahidi oluruq. Aİİ-da isə ölkəmizdə mövcud dinlər və dini məktəblər haqqında məlumatlar tələbələrə deskriptiv şəkildə çatdırılır. Bununla da ali təhsil müəssisəsi hər hansı bir məzhəbin tərəfini tutmamış olur, bütün məktəblərin fikirlərini tələbələrə çatdırmağa çalışır. Bu baxımdan institutdakı təhsil unikaldır.

Bir amili də diqqətə çatdırmaq istəyirəm ki, “İslamşünaslıq” ixtisası üzrə gələcəyin din xadimini hazırlayarkən onlara təkcə İslam elmlərini öyrətməklə kifayətlənmirik. “Dinşünaslıq” ixtisasında da keçirilən Dinin fəlsəfəsi, Dinin sosiologiyası, Dinin psixologiyası, Dinlər tarixi, Məzhəblər tarixi və digər sosial elmlərə dair fənlər İslamşünaslıq ixtisasında da tədris olunur. Bundan əlavə, Multikulturalizmə giriş, Azərbaycan tarixi, Nitq mədəniyyəti, İnformatika fənləri də tədris olunur. İstəyirik ki, islamşünaslarımız İslam dininin mənbələrinə dərindən yiyələnməklə yanaşı, dövrün reallıqlarını bilsin, müasir dünya ilə ayaqlaşsınlar. Bu baxımdan, Aİİ-də olan təhsilin dünyanın bir çox ölkəsindən daha irəlidə olduğunu söyləyə bilərəm”.

Xarici ölkələrdə din təhsili

Aqil Şirinov Azərbaycanın 70 il sovet hakimiyyətinin tabeliyində olduğuna diqqət çəkib: “Sovet hakimiyyətinin dinə olan münasibətini hər kəs bilir. Dini idarələrimiz müəyyən dövrdə tamamilə ləğv edilmişdi. Din təhsili mövcud deyildi. Sovet hakimiyyətinin son illərində Azərbaycanda məhdud çərçivədə din təhsili verən az sayda müəssisənin olduğunu müşahidə edirdik.

Müstəqilliyimizi yenidən əldə etdiyimiz zaman Azərbaycanda 18 məscid fəaliyyət göstərirdi. İlk illərdə dini təhsil verəcək mütəxəssislər az idi. Buna görə də zərurətdən xarici ölkələrdə din təhsili alanlarımız var idi. Həmin dövr üçün bu, bir ehtiyac idi. Artıq Azərbaycanda ali dini təhsil verən müəssisə mövcuddur. Hazırda Aİİ-nin verdiyi təhsil nə Şərqdə, nə də Qərbdəki ali dini təhsil verən müəssisələrdən geri qalır. Hətta deyərdim ki, bir çox xüsusiyyətinə görə, Aİİ-də olan təhsil daha mütərəqqidir. Ölkəmizdə belə bir təhsil müəssisəsi olduğu üçün artıq hansısa bir ölkədə din təhsili almağa ehtiyac yoxdur. Müstəqilliyimizin ilk illərində olan zərurət, artıq bu gün öz aktuallığını itirib”.

Xaricdə riyaziyyat, mühəndislik, tibbi təhsilə - hə, dini təhsilə - yox...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Teleqraf.com-a bildirib ki, dini təhsil hər bir dövlət üçün ciddi və həssas məsələdir: “Çunki bu sahə dövlətin və cəmiyyətin ideoloji, ictimai və milli təhlükəsizliyi ilə bağlıdır. Bu reallıq nəzərə alınaraq, mövcud qanunvericilik bazasına vaxtilə dini təhsillə bağlı müddəa salınıb. Belə ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən, xaricdə dini təhsil alan şəxsin din xadimi təyin olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Amma Azərbaycanda dini təhsil almış şəxs üçün belə bir tələb yoxdur. Qanunvericiliyin bu tələbi dövlətin xaricdə dini təhsil almağa münasibətini göstərir. Başqa sözlə, istər İran, istərsə də başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur.

Ölkə daxilində dini təhsilin nə qədər önəmli olduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu institutuda nəinki təhsil pulsuzdur, hətta tələbələr yemək, paltar, yataqxana və təqaüdlə təmin olunur. Bu gün qarşıya qoyulmuş məqsəd ilbəil ölkədə dini təhsilin səviyyəsini qaldırmaq, yüksək ixtisaslı kadrlar hazırlamaqdır. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq qurumlarla, o cümlədən dini konfessiyalarla, xususilə Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edir, birgə çalışır”.

Komitə rəsmisi ölkədə dini təhsilin səviyyəsini qaldırmaq istədiklərin də vurğulayıb: “Məqsəd gənclərimizin istər maddi, istər mənəvi, istərsə də təhsilin keyfiyyətinə görə xaricdə dini təhsil almaqda maraqlı olmamasdır.

Bəzən deyirlər ki, niyə xaricdə riyaziyyat, mühəndislik, tibbi təhsil alanlar rahat işləyə bilər, amma dini təhsil alanlara mehdudiyyət var?! Çünki riyaziyyat, tibb, mühəndislik ideoloji sahə deyil, elmdir. Amma din tək elm deyil, həm də ideologiyadır. Bir sözlə, dini təhsil sahəsində hüquqi məhdudiyyətlərlə yanaşı, ölkədə dini təhsilin keyfiyyətinin yaxşılaşdırılması ən doğru seçilmiş yoldur”.

"Kəbədən sonra Xorasana da salam..."

İlahiyyatçı Tural İrfan isə bildirir ki, müstəqillikdən sonra digər sahələrlə yanaşı xaricdə dini təhsil almaq məsələsi də aktuallaşdı: “Yaxın qonşuluq məsələsinə görə, vətəndaşlarımız əsasən İrana meyllənirdi.

Qanun xaricdə dini təhsil almağı qadağan etmir. Amma müəyyən məsələlər var ki, onlar gərək qanuna salınsın. Azərbaycandakı ruhanilər əsasən İranda dini təhsil alıblar. Əslində, bu, dini təhsil deyil. İranda tibbi, texnoloji sahələrdə ali təhsil almaqla, dini təhsil almaq başqa-başqa məsələdir. İrana gedənlərin 99 faizi dini təhsil adı ilə gedir. Amma onların ideologiyası din deyil, din pərdəsi altında siyasət yürüdürlər. Əgər din olsaydı İran Ermənistanla yaxın dostluq, qardaşlıq münasibətində olmazdı. Sənə ziyan vuranla dost, qardaş olmaq nəinki İslamda, heç başqa dinlərdə də yoxdur. İranda dini təhsil alanların beyni zəhərlənib. Həmin zəhərli beyinlərlə də ölkəmizdə müəyyən insanları öz təsirləri altına sala bilirlər.

Təəssüf ki, bu gün məscidlərə axund təyin edilənlərin 80-90 faizi Qum şəhərində “dini təhsil” almış, əslində isə təlim görmüş adamlardır. Onlar məscidlərdə birmənalı şəkildə siyasi ambisiya yeridirlər. Onlar söhbətlərində ancaq İrandan nümunələr göstərirlər. Artıq məscidlərdə iki qiblə yaranıb, Kəbədən sonra çevrilib Xorasana da salam verirlər”.

İlahiyyatçı xaricdə dini təhsil alıb gələnlərin işlə təmin olunmadığı fikri ilə razılaşmır. O deyir ki, həmin şəxslərin diplomu tanınsa da, tanımasa da iş verilir: “Suriyada 10 ilə yaxın dini təhsil alıb gəlmiş tanıdığım bir axund var. Azərbaycana gələn kimi silahla həbs olundu, sonra azadlığa çıxdı. İndi o, Bakının mərkəzində bir məscidin axundudur. Onun diplomunun olub-olmadığı da bilinmir. Yüzlərlə belə şəxs tanıyıram. Xaricdə xüsusən dini təhsil almağın əleyhinəyəm, bu, birmənalı şəkildə qadağan olunmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı