Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Teleqraf.com DİM-ə istinadən xəbər verir ki, imtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarətləri normaya uyğun olub.
Sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına sentyabrın 27-29-da “apelyasiya.dim.gov.az” saytı vasitəsilə müraciət edə bilərlər.