Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaq 7 nəfər xilas edilib. Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 24.09.2021-ci il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun meyiti Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, Bakı şəhərinin Binəqədi və Xəzər rayonlarında intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması təmin olunub.