26 Oktyabr 2021 09:20
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhrəmanımız Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin avtomatika sahəsi üzrə tələbəsi Bəhruz Vəlizadədir. Müsahibədən əvvəl ünsiyyətdə olduq. 2009-cu ildə Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra əsgər gedib. Qayıtdıqda ixtisası üzrə iş tapa bilməyib.

Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Bəhruz bəy, niyə Kooperasiya Universitetini seçmişdiniz?

- 2005-ci ildə ali məktəbə qəbul imtahanı verdim. O zaman təhsil sistemi, universitetə qəbul qaydaları fərqli idi. 8 ixtisas seçimi imkanı verilmişdi, topladığımız bala uyğun qəbul olacağımız ixtisası sistem özü təyin edirdi.

Mən 450 bal toplamışdım. Həmin il ballar artdı, mən də sonuncu yazdığım ixtisasa, Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil oldum.

Hazırda bu sahə üzrə iş tapa bilmirəm. Oxuduğum qrupla paralel 5 qrup var idi, qrup yoldaşlarım da əlaqələrim var. Hər biri fərqli sahələrdə işləyir, ixtisas üzrə işləmirlər. Universitetin fərqi yoxdur, əsas odur ki, oxuduğun ixtisas üzrə iş tapa biləsən.

- Seçim zamanı 8 ixtisası kimin məsləhəti əsasında seçmişdiniz?

- Öz seçimim idi. Mən əslində turizm və otelçilik ixtisasına hazırlaşırdım. Seçimləri yazanda son variant kimi Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasını yazdıq. O vaxt universitetin ən prestijli ixtisası sayılırdı. Ehtimalım yox idi ki, ona qəbul olaram. Şanssızlıq deyək, elə ona qəbul oldum.

- Kooperasiya Universitetində təhsil necə idi?

- Mən oxuduğum dövrdə 5 nəfər təqaüd alırdı, 650 bal toplamışdılar. Onlar da sistemin qurbanı sayılırdılar. 590 bal topladığı halda mənimlə ödənişli əsaslarla təhsil alan var idi.

- Siz ödənişli təhsil alırdınız?

- Bəli. 600 manat təhsil haqqı idi. Məcburi köçkün olduğuma görə güzəştlə 300 manat ödəniş edirdim.

- Bəs necə oldu ki, peşə təhsilini seçdiniz? İxtisasınız barədə məlumat verə bilərsiniz?

- 2010-cu ildə əsgərlikdən gəldim. İş axtarmağa başaldım. Nə ixtisasıma uyğun, nə də ixtisasım olmayan, maddi cəhətdən mənə uyğun iş tapa bildim. Müəyyən xırda işlərdə işlədim. Sonra qohum vasitəsilə neft şirkətinə bağlı təşkilatda iş üçün müsahibəyə getdim. Müsahibə əsasında işə qəbul oldum, hazırda da işləyirəm. Orada da işim avtomatika sahəsi üzrədir.

Avtomatika proseslərin avtomatlaşdırılması mühəndisliyidir. Görülən işlər əllə idarə olunmur. Bir il əvvəl avtomatikanı öyrənmək üçün kurslar axtarırdım. Kursla maraqlandım. Formal cəhətdən bilsəm də, nəzəri cəhətdən bilmirdim. İnternetdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi haqqında məlumat əldə etdim. Araşdırdım və gördüm ki, pul qazanmaq, işləmək istəyənlər üçün burada gözəl sənətlər var.

Aşpazlıq, moda, avtomatika, elektromexanika və sair peşələri öyrənmək mümkündür. Peşə məktəbində işin incəliklərini öyrənirik. Burada olan maddi baza heç bir universitetdə yoxdur. Çox az sayda universitetdə görmək olar.

- Təqaüd alırsınızmı?

- Hələ yox. Bildirdilər ki, ödənişsiz təhsil alanlar müsabiqə yolu ilə təqaüd alacaqlar.

- İşlə təmin olunma ilə bağlı vəd verilirmi?

- Mən bir aydır burada oxuyuram. Keçən dəfə bir xanım dedi ki, burada oxuyanda iş tapıb və artıq 10 ildir işləyir.

- Dərslər necədir?

- Maraqlı dərslər keçilir. Müəllimlər demək olar ki, əlifba kimi hər şeyi dərindən öyrədirlər.

- Qrup yoldaşlarınızla necə ünsiyyətə girirsiniz?

- Qrup yoldaşlarımdan 2 nəfər mənimlə yaşıddır. Onlar elektrikdirlər. Mənimlə müqayisədə bu sahəyə daha yaxındırlar. Azyaşlı qrup yoldaşlarım da var. Bir-birimizi yaxşı başa düşürük.

- Qarşıdakı hədəfiniz nədir?

- Avtomatika kursunu uğurla başa vurmaq. Buranı bitirdikdən sonra hazırkı iş yerimdə mövqeyim yüksələ bilər. Hazırda texnoloji qurğu operatoruyam, peşə təhsilini bitirdikdən sonra texnoloji qurğu mühəndisi ola bilərəm.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov