29 Oktyabr 2021 15:37
5 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” yarmarkası bu gündən etibarən vətəndaşların xidmətindədir.

Teleqraf.com olaraq yarmarkanın sorağını eşidib, Dənizkənarı Milli Parka üz tutduq.

İlk olaraq qeyd edim ki, yarmarka ənənəvi yarmarkalardan seçilir. Zəfərin simvollarını özündə əks etdirən yarmarka ötən il İkinci Qarabağ müharibəsində qazandığımız böyük qələbəmizə həsr olunub.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda təşkil olunan yarmarkadan toplanan gəlir şəhid ailə üzvləri və qazilərimizə dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Burada Müdafiə Nazirliyi tərəfindən 44 günlük müharibədə istifadə olunan silah nümunələri sərgilənir. Yarmarkaya gələrək zirehli texnika, düşmənin ordusunun hərbi bölmələrini məhv etmiş müxtəlif istehkam qurğularını yaxından görə, əsgər yeməkləri, əsgər formaları ilə tanış ola bilərsiniz.

Həmçinin, yarmarkaya gələn ziyarətçilərə kitab satışı, müxtəlif növ qida məhsulları təklif olunur.

Yarmarka boyu axşam saatlarında isə Bakı Şəhər Mədəniyyət İdarəsi və "Asan" Radionun təşkilatçılığı ilə konset proqramları təşkil olunacaq.

Əlavə olaraq, yarmarkada “YAŞAT” fondunun köşəsi ayrılıb. Vətəndaş nabələddirsə, stenddən məlumat əldə edib, fonda ianə edə bilər.

Vətən müharibəsində birləşərək torpaqlarımızı işğaldan azad etdik. İndi isə eyni birliyi nümayiş etdirərək – yarmarkaya gələrək qələbəmizi qeyd edəcəyik.

29 oktyabrda açılışı baş tutan “Zəfər” yarmarkası 9 noyabradək ziyarətçilərini qəbul edəcək.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov