Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyində siyasi işlər üzrə müşaviri vəzifəsini müvəqqəti icra edən Con Takerlə görüşüb.
Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə Fuad Hüseynov bildirib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
Həmçinin bildirilib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. Qonağa işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.
Fuad Hüseynov vurğulayıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan surətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Məhkəmə Ermənistandan Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatının təhlükəyə atılmasını dərhal dayandırmağı tələb etməlidir.
Con Taker səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.