7 Noyabr 2021 18:34
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Mənim azad Vətənim” mövzusunda polşalı məktəbli şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, səfirlikdə rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub və həmin rəsm əsərlərindən ibarət sərgi açılıb.

Səfir Nərgiz Qurbanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Səfir Vətənin müqəddəsliyi və hər bir insan üçün önəmindən danışaraq tarixdə Polşa ilə Azərbaycanın taleyində yaşanmış uğur və kədərin bizi qismət qardaşlarına çevirdiyini qeyd edib. Səfir neçə-neçə azərbaycanlının Polşa uğrunda və polyakın Azərbaycan uğrunda canlarından keçdiyini, Polşanın azadlığı uğrunda döyüşmüş əslən azərbaycanlı, Armiya Krayovanın Polkovniki Vəli bəy Yadigar və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış polyak Matsey Sulkeviçin xatirəsini hörmətlə andığımızı vurğulayıb.

Səfir taleyinə məşəqqətli günlər qismət olmuş Azərbaycanın da keşməkeşli tarixindən 30 il ərzində ərazisinin işğal altında qalmasından, sakinlərinin didərgin düşərək şəhər və kəndlərinin, mədəni və ictimai obyektlərinin, məscid və kilsələrinin dağıdılmasından bəhs edib. Ancaq Azərbaycan xalqının da Polşa xalqı kimi təcavüzlə heç vaxt barışmadığını, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində işğalçıların Azərbaycan torpaqlarından qovulduğunu fəxrlə diqqətə çatdırıb. Səfir müharibədə qəhrəmancasına şəhid olmuş, o cümlədən mənfur düşmən tərəfindən törədilmiş müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş oğul və qızlarımıza Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzu edib.

Səfir N.Qurbanova müsabiqə iştirakçıları tərəfindən “Mənim azad Vətənim” mövzusunda hazırlanmış rəsm əsərlərini yüksək qiymətləndirdiyimizi bildirərək onları müsabiqənin qalibləri olması münasibətilə təbrik edib. Səfirin çıxışından sonra qalib gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib.

Daha sonra tədbirdə iştirak edən qonaqlar müsabiqə iştirakçılarının əsərləri ilə tanış olmaq üçün hazırlanmış sərgiyə tamaşa ediblər.

Sonda müsabiqə iştirakçıları və qonaqlar Azərbaycanın milli şirniyyat növlərindən ibarət çay süfrəsinə dəvət ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər