12 Noyabr 2021 11:17
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Teleqraf.com-un nazirliyin saytına istinadən məlumatına görə, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “MSDIS Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülərək tikinti-quraşdırma və yenidənqurma işləri aparılan yanacaqdoldurma məntəqəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də yanacaqdoldurma məntəqəsinin fasad hissəsində istifadə olunan üzlük materialın yanma qrupunun naməlum olduğu aşkar edilib.

Qeyd edilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən aparılan işlər Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.

Obyektin fasad hissəsində istifadə olunmuş üzlük materialın yanma qrupunun təyin edilməsi üçün götürülmüş nümunələr Xidmətin əməkdaşları tərəfindən müvafiq qaydada sənədləşdirilərək, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına göndərilib və laboratoriyanın rəyi ilə sözügedən nümunələrin yanan materiallar qrupuna aid olduğu müəyyən edilib. Beləliklə, həmin üzlüklərin yüksək risk qrupuna daxil olan yanacaqdoldurma məntəqəsində istifadəsinin yolverilməz olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə üzlük materialın sahibkar tərəfindən sökülməsi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər