Bu yaxınlarda əməkdaşlarımızdan birinin telefonuna gözəllik salonundan zəng edərək cavanlaşdırma proseduru haqqında məlumat verilib.
Telefon açan şəxs ilk seansın ödənişsiz olduğunu və pulsuz olaraq cavanlaşma prosedurunun həyata keçiriləcəyini deyib. Cavanlaşmaq arzusunda olan həmkarımız bu xəbəri eşidər-eşitməz üz tutub bu gözəllik salonuna. Əməkdaşımız orada gördüklərini belə təsvir edib: “Salona daxil olduqdan sonra anket doldurmağımı istədilər və dərimin həssalığını yoxlayıb, müəyyən sorğu-sual etdilər. Sonra proses başladı və müqayisə üçün üzümün yalnız bir hissəsində cavanlaşdırma proseduru apardılar. Üzümün digər hissəsini cavanlaşdırmaq üçün anketin doldurulmasının vacib olduğunu dedilər. Bu ərəfədə isə məni mərkəzin qaydaları ilə tanış etdilər. Sonra isə bundan belə onlara daimi müştəri kimi müraciət etməyimi istədilər. Razılaşıb, müqaviləni imzalayacağım təqdirdə üzümün o biri tərəfini də gəncləşdirəcəklərini bildirdilər.
Birillik prosedur olan cavanlaşdırmanın qiymətinin isə 2800 manat olduğunu söylədilər. Mən bu qədər pulu ödəyə bilməyəcəyimi dedim və getmək istədiyimi bildirdim. Bu zaman 15 nəfər xanımın nömrəsini istədilər və yalnız bundan sonra prosedura davam edəcəklərini dedilər. Mən də nömrə verməyərək, mərkəzi yarımçıq prosedurla tərk etməli oldum”.
Salonlardakı “əməliyyatlar”
El arasında belə bir deyim var ki, “gözəllik qurban tələb edir”. Xüsusilə, müasir dövrdə gözəl görünmək naminə yaşı 30-u keçən qadınlar qırışmış dəriləri, yağlı-quru cild və xarici görünüşlərinə xələl gətirən amillərdən qurtulmaq üçün bütün “işgəncələrə” dözürlər. Buna görə də bu xidmətləri həyata keçirən salonların reklamlarını görən xanımlar dərhal həmin məkanlara üz tuturlar.
Gözəllik salonları ilə əlaqə saxlayıb onlarda hansı prosedurların həyata keçirildiyini öyrəndik. Məlum oldu ki, salonların əksəriyyətində yuxarıda adını çəkdiyimiz prosedurlar gerçəkləşdirilir.
“Beaty studio” salonundan bildridilər ki, bizim klinikamizda sizin üçün “Biznes ledi” adlanan xüsusi ekspres liftinq və cavanlaşma proqramı var: “Siz işinizdən ayrılmadan yalnız 15 dəqiqə vaxt sərf etməklə daha hamar və daha təravətli dəriyə sahib olacaqsıznız. Dərinizdə heç bir ağrı olmadan cavanlaşma proseduru, mezoroller (mezoterapiya alternativi) həyata keçiriləcək. Bu seansların qiyməti 30 manatdır. Başlığında mikroskopik ölçüyə malik iynələr olan diyircəklə icra olunan prosedur tam ağrısız şəkildə heyata keçirilir. Kosmetik maddələri dərinizin qatlarına yeridən diyircək, cildinizə hamarlıq, təravət bəxş etməklə yanaşı orqanizmdə olan kolloqenləri stimullaşdırır və tonusu artırır. Nəticədə dərinizdəki bütün nahamarlıqlar və defektlər yox olacaq”.
Nəsimi rayonunda yerləşən “Buta” gözəllik salonunda plazma liftinq və üzün gözəlləşməsi və cavanlaşması üçün digər prosedurlar həyata keçirilir. Salonun kosmetoloqu bizimlə söhbətində bildirdi ki, plazma liftinq də edirlər və bunun heç bir qorxusu yoxdur: “Heç şok da vermir”.
“In studio” salonunda da həmçinin mezoterapiya, pilinq, botks, şlivovka, dodaqların təbii və süni gel ilə korreksiyası, deformasiyaya uğramış dodaqların korreksiyası, burun ətrafı boşluqların korreksiyası, qızıl iynə xidməti və s. təklif edilir. İlk seansın qiyməti 40 manatdır.
“Bu, nəzərə alınmalıdır”
Söhbət etdiyimiz həkim-kosmetoloqlar kosmetoloji prosedurlar həyata keçirərkən pasiyentlərə individual yanaşmanın vacib olduğunu bildirirlər: “Bu işlərdə dərinin qalınlığını, həssaslığını, südəmər uşağının olub-olmadığını, hamiləliyi nəzərə almaq lazımdır. Bundan başqa, psixoloji faktor da nəzərə alınmalıdır, xəstənin buna hazır olub-olmadığı, eyni zamanda, nevroloji statusu öyrənilməlidir. Hətta klinikalarda belə, plazma liftinq, neostimulyasiya, prosedurlar zamanı sağlam pasiyent də ağır şok keçirə bilər. Əgər gözəllik salonlarında belə bir hal baş versə, bu zaman 3, 6 aylıq kosmetoloji kurs keçən, hansısa tibbi təhsili olmayan ”kosmetoloq" onu qurtara bilməz. Bunun üçün klinikalarda anestezioloqlar, reanimatoloqlar var. Salon şəraitində üzə yüngül şəkildə maskalar qoymaq mümkündür. Amma müalicə ilə məşğul olmaq, xüsusilə, qanla bağlı fəaliyyət və orqanizmə yad cisimlər yeritmək yolverilməzdir".
“İstehlakçının seçim hüququ var”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, vətəndaşlar belə hadisələrlə tez-tez qarşılaşırlar: “Telefonla zəng edib salonlara dəvət etmə və vətəndaşların aldadılmaları halları ilə bağlı bizə müraciət edənlər az deyil. Bu yaxınlarda bir qadına salonlardan birindən deyiblər ki, salona gəlin və biz sizə hər hansı bir proseduru edək, gerisinə özünüz qərar verərsiz. Bu sözlərə aldanan qadın da salona gedib və prosedur bitdikdə həmin xanıma bir çamadan kosmetik mal veriblər və deyiblər ki, bunu başqasına satmalısan. Həmin kosmetik malları 3000 manat dəyərində idi. Bütün bunlar şəbəkə marketinqidir. Yalandan müqavilə imzalayırlar və kassa çeki vermirlər”.
Ekspert bildirdi ki, bu cür hallar birbaşa istehlakçı hüquqlarının pozulmasıdır: “Bu dələduzluq hallarının, sui-istifadənin qarşısını nizama salmaq qeyri-mümkündür. Burada ən vacib məqam müştərinin geniş informasiya əldə etdikdən, sonra salonlara getməsidir. Bu cür hallar qanuna ziddir. İstehlakçının seçim hüququ var. Heç kəs vətəndaşı heç nəyə məcbur edə bilməz. İstəsə, razılaşıb bu proseduru edə bilər, istəməsə yox. Bu haldan çıxış yolu vətəndaşlarla yanaşı həmin mərkəzlərin də düzgün işləməsidir. Vətəndaşlara başa salınmalıdır ki, belə ”işbaz"ların toruna düşməsinlər. Hansısa xidmət barədə ilk olaraq müqavilə tam olaraq oxunmalı və sonra ona imza atılmalıdır".
“İnsanlara psixoloji təsir edən salonlar”
Psixoloq Narinc Rüstəmova bizimlə söhbəti zamanı bildirdi ki, bu kampaniyalar həssas insanlara psixoloji təsir edir: “Ümumiyyətlə, endirim kampaniyaları, ilk olaraq pulsuz prosedur edirik, daha sonra istəsəniz, davamlı ödənişli prosedurlar həyata keçirərik kimi reklamlar dünya ölkələrində çox yaxşı təbliğ olunur. Bəzən insanlar bu cür reklamlardan sui-istifadə edə bilirlər. Bir çox şirkət, müəssisə, hansısa gözəllik salonu bu kompaniyalarla həssas insanlara psixoloji təziq göstərirlər”.
“Hər şeyi seçərək etməliyik”
"Bu kampaniya salonlarda yox, hansısa şirniyyat dükanında da var",-deyən N.Rüstəmova bildirir ki, müştəri bu cür kompaniyalarda bir dəfə gedib “satıcı şirkəti” aldatmağı düşünürsə, alıcının aldanma ehtimalı daha çoxdur: “Bizim cəmiyyətimiz özünə güvənsiz cəmiyyətdir. Çünki eşidirik ki, pulsuz nəsə edirlər, öyrənməmiş, araşdırmamış bu kampaniyalara qoşuluruq. Öncə bu kampaniya vətəndaşlar tərəfindən ətraflı araşdırılmalıdır. Əgər müştəri məsələyə ”pulsuzdur, bir dəfə gedim" prizmasından yanaşırsa, o zaman onun aldadılma ehtimalı daha çoxdur. Əgər cavanlaşma proseduru edirsənsə, getmədən əvvəl onun qiymətini öyrənmək lazımdır. Çünki, bir dəfə edirsənsə, xosuna gələcəksə, yenidən getməyə pulun olacaqmı? Satıcı satmaq üçün, alıcı da daha ucuz almaq üçün çalışır. Pulsuz da olsa, hər şeyi seçərək etməliyik".
İlhamə Əbülfət