Gürcüstan ilə Azərbaycan arasında media sahəsində əlaqələri daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün birgə media platforması yaradılmasına ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın “Tv24” media holdinqinin icraçı direktoru, Əməkdar jurnalist, professor Badri Natçkebiya söyləyib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl platforma ilə əlaqədar AZƏRTAC və AzTV ilə birgə əməkdaşlıq çərçivəsində təcrübələr aparılıb. Azərbaycan dilində bir neçə televiziya proqramı hazırlanaraq efirə verilib. Lakin sonradan bəzi obyektiv səbəblərdən bu sahədə işlərdə fasilə yaranıb. İndi bu məsələyə yenidən qayıtmalı, tez bir zamanda media platforması təsis etməliyik.
B.Natçkebiya bildirib ki, platformanın təsis olunması istiqamətində ilk addım olaraq yaradılacaq onlayn media resursu gürcü, Azərbaycan və digər dillərdə fəaliyyət göstərməlidir.
“Layihə çərçivəsində birgə informasiya agentliyi də yaradıla bilər. Biz bu təşəbbüsün həyata keçirilməsinə hərtərəfli dəstək göstərməyə hazırıq”, - deyə Natçkebiya vurğulayıb.