Yardımlı rayonunda Vətən müharibəsi şəhidləri Sadiq Feyziyev və Elşən Sultanlının şəhadətlərinin ildönümündə xatirələri ehtiramla anılıb. Bu münasibətlə keçirilən anım tədbirlərində rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları hər iki şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Anım tədbirlərində çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Sadiq Feyziyev və Elşən Sultanlının qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, şəhid Feyziyev Sadiq Tahir oğlu və Sultanlı Elşən Nazim oğlu Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olublar. Hər iki şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə“ medalları ilə təltif edilib.